Xəbər verdiyimiz kimi, 6-16 iyul tarixlərində Parisdə, UNESCO-nun mənzil-qərargahında təşkilatın Dünya İrs Komitəsinin 47-ci sessiyası keçirilir.
Tədbirdə ölkəmizi Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi, eləcə də Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, UNESCO üzrə Milli Komissiya, Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və ICOMOS üzrə Milli Komitənin nümayəndələrindən ibarət heyət təmsil edir.
Sessiyanın gündəliyinə uyğun olaraq, iyulun 11-də Dünya İrsinin İlkin Siyahısına təqdim olunan nominasiya fayllarının müzakirəsi aparılıb.
Azərbaycan tərəfindən təqdim olunmuş “Qədim Qəbələ şəhəri” və “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib.
Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcı hissəsində, 3725 metr yüksəklikdə yerləşən Gəmiqaya Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biridir. Bu ərazi Tunc dövrünün müxtəlif mərhələlərinə, Dəmir dövrünə və Orta əsrlərə aid zəngin qayaüstü təsvirlərlə diqqət çəkir.
Tarixi mənbələrə əsasən, eramızdan əvvəl IV əsrdən etibarən Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayıb, eramızın I əsrindən yazılı mənbələrdə adıçəkilən Qədim Qəbələ Qafqaz Albaniyasının ilk paytaxtı olub. Təxminən 2500 illik tarixə malik bu şəhər uzun müddət regionun mühüm siyasi, iqtisadi və ticarət mərkəzlərindən biri kimi tanınıb.
Hər iki abidənin gələcəkdə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi məqsədilə zəruri elmi və təşkilati işlər davam etdiriləcək.
UNESCO-nun Dünya İrs Komitəsinin 47-ci sessiyası iyulun 16-da başa çatacaq.
Qeyd edək ki, 2023-cü ildə, Dünya İrs Komitəsinin 45-ci sessiyada ölkəmizin Qarabağ bölgəsində, Xocavənd rayonu ərazisindəki qədim insan məskənləri – Azıx və Tağlar mağaraları da Dünya İrsinin İlkin Siyahısına daxil edilib.
Bu sahə üzrə UNESCO-nun əsas reyestrində – Dünya İrs Siyahısında isə Azərbaycan beş məkanla təmsil olunur. Bunlar İçərişəhər (2000-ci ildən), Qobustan qoruğu (2007), Şəkinin tarixi mərkəzi (2019), “Xınalıq və Köç yolu mədəni landşaftı” (2023) və Hirkan Milli Parkını əhatə edən və İranla birgə nominasiya kimi təqdim edilən Hirkan meşələridir (2023).