Üzeyirşünas-alim, görkəmli bəstəkar, Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyinin direktoru Xalq artisti Sərdar Fərəcov məhsuldar yaradıcılığı ilə yanaşı, həm də ictimai xadim kimi ölkəmizdə və onun hüdüdlarından kənarda tanınır, mədəniyyətimizi təmsil edir.
Yaradıcı və ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Sərdar Fərəcov Azərbaycan Respublikasında mədəniyyətin və elmin inkişafında xidmətlərinə görə 2025-ci il 8 may tarixində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Bu il dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə ev-muzeyində Sərdar müəllimin bilavasitə rəhbərliyi ilə müxtəlif səpkili yaradıcı tədbirlər keçirilir. Üzeyirşünas alimin 18–19 aprel tarixlərində Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş “Şuşanın səsi – Azərbaycanın səsi” adlı beynəlxalq konfransda (Şuşa–Xankəndi) “Şah Abbas və Xurşid Banu” operasının bərpasına dair” adlı məruzəsi, eləcə də Bakı Musiqi Akademiyasında Üzeyir Hacıbəyliyə həsr olunmuş tədbirdəki (24 aprel) çıxışı da böyük maraqla qarşılanıb.
Sərdar Fərəcov IX “Muğam” Televiziya Müsabiqəsinin dəqiq təhlillər aparmağı bacaran və obyektiv qərarlar verən münsiflər heyətinin üzvlərindən biri kimi də tamaşaçılar, muğamsevərlər arasında rəğbət qazanıb.
Bu yaxınlarda isə bəstəkar TÜRKSOY-un xətti ilə Qazaxıstanda keçirilən müsabiqəyə münsif heyətinin üzvü kimi dəvət edilib.
Məlumdur ki, 2025-ci ildə Qazaxıstanın Aktau şəhəri (Mangistau vilayəti) “Türk Dünyasının Mədəniyyət Paytaxtı” estafetini daşıyır. Bu münasibətlə 13 iyunda şəhərdə geniş mədəni tədbirlər proqramı çərçivəsində görkəmli qazax bəstəkarı Nurqisa Tlendiyevin 100 illik yubileyinə həsr olunmuş Türk Ölkələri Bəstəkarlarının Müsabiqəsi keçirilib.
İki nominasiya (xalq çalğı alətləri orkestri və kamera orkestri üçün bəstələr) üzrə təşkil edilən müsabiqəyə təqdim olunan bütün əsərlər Manqistau Vilayət Filarmoniyasının Kamera orkestri və Xalq çalğı alətləri orkestri tərəfindən münsiflər heyəti, bəstəkarlar və tamaşaçılar üçün ifa olunub.
Mangistau Vilayət Filarmoniyasının bədii rəhbəri və baş dirijoru Raxat Madreyevin sədrlik etdiyi münsiflər heyətində Azərbaycanın Xalq artisti, bəstəkar Sərdar Fərəcovla yanaşı Özbəkistanın Əməkdar mədəniyyət işçisi, Batır Zakirov adına Dövlət Estrada İncəsənət İnstitutunun rektoru, bəstəkar Əvəz Mansurov, Qazaxıstan Bəstəkarlar Assosiasiyasının sədri Artık Toksanbayev, TÜRKSOY orkestrinin bədii rəhbəri Arman Numahatulı, Kurmanqazı adına Qazax Xalq Çalğı Alətləri Milli Orkestrinin baş dirijoru və bədii rəhbəri Abılay Tlepbergen, Mangistau Filarmoniyasının direktoru Daniyar Saqinqaliuli da yer almışdı.
İyunun 14-də Almatı şəhərində görkəmli qazax bəstəkarı Balnur Kıdırbekin 70 illik yubileyi münasibəti ilə keçirilmiş “Ömür və incəsənət bayramı” adlı konsertdə dirijor A.Jayimın rəhbərliyi altında Qazax Simfonik Orkestrinin ifasında Sərdar Fərəcovun “Koroğlu” freskası səslənib və rəğbətlə qarşılanıb.
Qeyd edək ki, həmin konsertdə B.Kıdırbekin “Xocalı qurbanları” simfonik əsəri, eləcə də Sərdar müəllimin bəstəkar dostlarından O.Qulbeyin (Türkiyə), R.Kalimulinin (Rusiya), L.İzmagilovanın (Başqırdıstan), M.Beqaliyevin (Qırğızıstan) və R.Nepesovun (Türkmənistan) da əsərləri ifa olunub.
“Koroğlu” freskası S.Fərəcovun yaradıcılığında ən parlaq, uğurlu simfonik əsərlərdən biridir. Əsər ilk dəfə 14 dekabr 2012-ci il tarixində Bəstəkarlar İttifaqının IX Qurultayının konsert proqramında M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında səslənib.
İlk ifadan böyük uğur qazanmış bu əsər 2013-cü ilin aprel ayında Kiyev şəhərində, “Ukraynada Azərbaycan musiqisi günləri” adlı konsertdə yenidən dirijor F.Kərimovun rəhbərliyi ilə dinləyicilərə təqdim olunub. Bu münasibətlə ukraynalı jurnalist Aleksandr Moskalets “День” qəzetində (2013) əsər haqqında belə yazmışdı: “Konserti Sərdar Fərəcovun simfonik freskası olan – “Koroğlu” əsəri açır. Əsərin ilk xanələrindən musiqi dinləyicilərdə tükürpədici hal yaratdı. Əlbəttə, ukraynalı dinləyicilər Şərq koloritini, dinamikliyi və həssaslığı gözləyirdi. Lakin dinlədiymiz musiqi haqqında təəssürat gözləntilərimizdən də artıq oldu. Koroğlu XVII əsrin dastan qəhrəmanıdır və xalqı zülmdən azad edən cəsur şəxsdir. Koroğlu obrazı çox qədim olsa da, musiqidə onun obrazı bəstəkar tərəfindən elə təfsir edilir ki, əsərin melodiyası yaşından və milliyətindən asılı olmayaraq, hər kəsi valeh edir”.
Əlavə edək ki, “Koroğlu” freskası 2013-cü ilin may ayında Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində R.Abdullayevin rəhbərliyi ilə Dövlət Simfonik Orkestrinin ifasında, 2014-cü ildə Vyetnamın Hanoy şəhərində, 2015-ci ildə qazax dirijoru Raxat Madreyevin ifasında Aktauda və Bakıda Qazax Milli Alətləri Orkestrının ifasında, 21 mart 2025-ci ildə Yerkeali Rekmediev adına Qazax Dövlət Akademik Filarmoniyasının Orkestrı tərəfindən də ifa olunub. “Koroğlu” freskası Qazaxıstanda sevilən əsərlərdəndir. Bəstəkar B.Kıdırbekin yubileyində də əsərin yenidən səslənməsi bunun təsdiqidir.
Ümumiyyətlə, bəstəkarın “Azərbaycan rəqsi”, “Koroğlu” freskası, “Türk şöləni” əsərləri türk dövlətlərində türkçülük, dövlətçilik, vətənpərvərlik simvoluna çevrilərək sənətsevərlərin qəlbini fəth edib.
Bəstəkar Sərdar Fərəcova bundan sonrakı ictimai və bədii fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayırıq. O, Vətəninə layiqli xidmət edən dəyərli sənətkardır.
Humay Fərəcova-Cabbarova
musiqişünas