Şuşa Dövlət Musiqili Dram Teatrında Əməkdar jurnalist, yazıçı-publisist Zemfira Məhərrəmlinin 70 illik yubileyi münasibətilə müəllifin “Ümid işığı” pyesi əsasında hazırlanan tamaşanın premyerası keçirilib.
Birhissəli tamaşanın nümayişindən əvvəl Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov, Azərbaycan Yazıçılar Birliyi (AYB) İdarə heyətinin üzvü, tənqidçi Əsəd Cahangir səhnə əsəri ilə bağlı fikirlərini bölüşüblər.
Əsəd Cahangir bildirib ki, “Ümid işığı” müəllifin dramaturgiya sahəsində ilk cəhdidir və bu əsərin dramatik quruluşu, dolğun obrazları və sosial konfliktləri təbii və uğurlu şəkildə təqdim edilib: “Əsərdə hər bir insanın həyatdakı “ümid payı”, bu ümidin arxasınca gedənlərin yaşadığı daxili ziddiyyətlər və həyata bağlılıq hissləri poeziya ilə dolu dillə təqdim olunur. Tamaşanın sonunda isə klassik sonluqdan fərqli olaraq, final açıq və sual işarəsi ilə bitir, tamaşaçını düşünməyə vadar edir”.
Tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Nazir Rüstəmov əsərin gənclərə və cəmiyyətə dəyərli mesajlar ötürdüyünü vurğulayıb.
Müəllif Zemfira Məhərrəmli qeyd edib ki, əsər yalnız bir dramaturji təcrübə deyil, eyni zamanda, onun illərlə qəlbində yetişdirdiyi duyğuların, düşüncələrin və həyat fəlsəfəsinin poetik ifadəsidir.
Lirik-psixoloji dram janrında hazırlanan əsər gənclərin həyatda qarşılaşdıqları çətinlikləri, məhəbbəti və sosial maneələrlə mübarizələri əks etdirir. Tamaşa gənclərin duyğularını, cəmiyyətlə münasibətlərini və arzulara doğru gedən yollarını bədii şəkildə təqdim edir.
“Ümid işığı”nda əsas obrazları Zəhra Salayeva, Sürahi Əliməmmədova, Emin Sevdiməliyev və Cavidan Kəsəmənli canlandırıb. Səhnə əsərinin quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Azər Məmmədovdur.