İyunun 25-də Bakı İdman Sarayında Bakı Slavyan Universitetinin (BSU) 2024/2025-ci il buraxılış ilinin tələbələri və magistrantları üçün “Məzun günü” tədbiri keçirilib.

BSU-dan bildirilib ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Araz Paşayev, Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini, digər qonaqlar iştirak ediblər.

Rektor Anar Nağıyev məzunları təbrik edib, onlara gələcək həyatlarında böyük nailiyyətlər arzulayıb, eyni zamanda, məzunların müasir əmək bazarında layiqli yer tutacaqlarına, qazandıqları bilik və bacarıqları reallaşdırmaq üçün geniş imkanlar əldə edəcəklərinə əminliyini bildirib.

Rektor qeyd edib ki, son 5 il ölkəmizin tarixində böyük hadisələrlə yadda qalıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz düşmən üzərində Qələbə qazanıb, ərazi bütövlüyümüz bərpa edilib, dövlət suverenliyimiz bütün ərazilərimizdə bərqərar olub. O, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyini diqqətə çatdıraraq bildirib ki, bu, təkcə hüquqi sənədləri deyil, həm də xalqımızın iradəsini, ərazi bütövlüyümüzə olan sadiqliyini və milli kimliyimizi təsdiq edən tarixi-siyasi fəlsəfəni təcəssüm etdirir. Diqqətə çatdırılıb ki, BSU da bu istiqamətdə silsilə tədbirlər həyata keçirir. “Yeni dövrün Azərbaycanı” mövzusunda təşkil olunan seminarlar və Avropa universitetlərində reallaşdırılan təqdimatlar bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Rektor ali təhsil həyatına qalib dövlətin vətəndaşları olaraq qədəm qoyan məzunların Zəfər salnaməsinin canlı şahidləri olduqlarını bildirib. Qeyd edib ki, bütün şəhidlərimiz kimi, BSU-nun Vətən müharibəsində şəhid olmuş məzunları Nicat Şükürlünün, Kənan Rüstəmlinin, Elnur Allahverdizadənin, antiterror əməliyyatlarının şəhidi Cavid Mirzəyevin qəhrəmanlıq tarixçələri dərin hörmət və ehtiramla yaddaşımıza yazılıb.

Diqqətə çatdırılıb ki, 2021–2022-ci tədris ilində universitetin bakalavriat səviyyəsinə 999 nəfər, magistratura səviyyəsinə isə 98 nəfər tələbə qəbul olunub. Bu göstəricilər 2024–2025-ci tədris ilində bakalavriat səviyyəsində 1465 nəfərə, magistratura səviyyəsində 136 nəfərə çatıb. BSU beynəlxalq “Times Higher Education” reytinqinin davamlı inkişaf məqsədləri üzrə əsas göstəricilərinə görə dünya universitetləri arasında sıralamaya daxil olub.

Gənclər və idman naziri Fərid Qayıbov tələbələri təbrik edərək, BSU məzunlarının ölkəmiz və cəmiyyətimiz üçün layiqli vətəndaşlar, peşəkar mütəxəssislər olacağına əminliyini ifadə edib.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Araz Paşayev məzunları təbrik edərək, onlara öz tövsiyələrini çatdırıb.

Albaniya Respublikasının Tirana Universitetinin professoru Ali Günəş, Gürcüstanın Akaki Tsereteli adına Kutaisi Dövlət Universitetinin professoru Şalva Kirtadze videotəqdimat formatında məzunlara gələcək həyatlarında uğurlar arzulayıblar.

Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini məzunlara motivasiya dolu tövsiyələrini çatdırıb. 

BSU-nun 2023-2024-cü tədris ili məzunu, Dövlət Proqramı çərçivəsində magistratura təhsilini Böyük Britaniyanın Şeffield Universitetində davam etdirən Cavid Novruzov tələbələr üçün yaradılan imkanlara görə BSU-nun rəhbərliyinə təşəkkür edib və məzunlara uğurlar arzulayıb.

Tədbir çərçivəsində universitetin fakültələrinin bayraqlarının təqdimatı keçirilib, "Ən yüksək orta müvəffəqiyyət göstəriciləri", "İlin tələbəsi", "Ən yaxşı müəllim" nominasiyaları üzrə fərqlənən məzunlara və müəllimlərə mükafatlar təqdim edilib, BSU-nun himni səsləndirilib.

Sonra konsert proqramı təqdim olunub.