“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Azərbaycan Turizm Bürosu (ATB) turizm sahəsində əməkdaşlıq edəcək.
İyunun 24-də ATB İdarə heyətinin sədr müavini Rəşad Əliyev və ADY-nin sədr müavini Arif Ağayev tərəfindən imzalanan saziş çərçivəsində turizmdə əlçatanlıq və infrastrukturun inkişafı, turizm məhsulları və təcrübələrin təkmilləşdirilməsi, rəqəmsallaşma və marketinq sahələrində birgə fəaliyyət nəzərdə tutulur. Əməkdaşlıq turizm sənayesinin inkişafı və keyfiyyət standartlarının artırılmasını da hədəfləyir.
ADY sədrinin müavini Arif Ağayev bildirib ki, saziş çərçivəsində müəyyənləşdirilmiş istiqamətlərin keyfiyyətli icrası üçün hər iki qurum koordinasiyalı fəaliyyət göstərəcək. Birgə fəaliyyət planına əsasən, dəmiryol stansiyalarında turizm məlumat məntəqələri və lövhələrinin quraşdırılması, turizm resursları barədə məlumatlılığın artırılması və bu məlumatların daha əlçatan edilməsi planlaşdırılır. Eyni zamanda, regionlarda turist axınının rahatlığını təmin etmək məqsədilə qrup biletlərinin əlçatan edilməsi nəzərdə tutulur.
ATB İdarə heyətinin sədr müavini Rəşad Əliyev qeyd edib ki, bu tərəfdaşlıqla dayanıqlı turizmin inkişafına, regionlara səyahətin asanlaşdırılmasına və turistlərə unudulmaz təcrübələrin təqdim olunmasına töhfə vermək hədəflənir. Əməkdaşlıq çərçivəsində turizm sənayesi nümayəndələri ilə mütəmadi görüşlər, korporativ əməkdaşlığın genişləndirilməsi və qatar marşrutlarının tanıtımına dair çəkilişlərin təşkili də planlaşdırılır.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə heyətinin sədri, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov da çıxışında sazişin əhəmiyyətindən danışıb. Vurğulayıb ki, belə təşəbbüslər Azərbaycanın regional və beynəlxalq nəqliyyat dəhlizlərində rolunu daha da gücləndirəcək, eləcə də turizm potensialının reallaşdırılmasına mühüm töhfə verəcək.
Qeyd edək ki, ADY Abşeron dairəvi, Bakı–Qəbələ, Bakı–Balakən və Bakı–Qazax kimi əsas marşrutlar üzrə sərnişindaşımalarını həyata keçirir və bu marşrutların tanıdılması məqsədilə tanıtım materiallarının yerli və beynəlxalq auditoriyaya təqdim olunması, həmçinin ADY-nin rezervasiya platformasının Azerbaijan.travel saytına inteqrasiyası və sistemlərin birgə işi nəzərdə tutulan fəaliyyətlər sırasındadır.