Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında media sahəsində əlaqələrin inkişaf etdirilməsi bu ölkəyə səfər edən nümayəndə heyətinin keçirdiyi görüşlərin əsas mövzusudur.
İyunun 26-da Azərbaycan nümaynədə heyəti Çin Media Qrupunda və Çin Kommunikasiya Universitetində olub.
Çin Media Qrupunda keçirilən görüş zamanı informasiya siyasəti, rəqəmsal transformasiya, çoxdilli yayım imkanları və müasir texnoloji yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər media sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, məzmun mübadiləsinin genişləndirilməsi və texnoloji innovasiyaların öyrənilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Nümayəndə heyətinin Çin Kommunikasiya Universitetinin rəhbərliyi ilə görüşündə isə media təhsili sahəsində əməkdaşlığın perspektivləri, peşəkar kadr hazırlığı, təcrübə imkanlarının genişləndirilməsi və birgə akademik təşəbbüslərin həyata keçirilməsi məsələləri müzakirə edilib. Eyni zamanda, gələcəkdə ortaq layihələrin və platformaların yaradılması imkanlarına diqqət yetirilib.
***
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Çinin ən nüfuzlu media orqanlarından olan “Jenmin Jibao” qəzetinin redaksiyasını ziyarət edib.
Görüşdə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə media sahəsində geniş və ardıcıl islahatların həyata keçirildiyini, bu islahatların əsas məqsədinin müasir çağırışlara cavab verən, dayanıqlı və cəmiyyətin inkişafında fəal rol oynayan media mühitinin formalaşdırılması olduğunu deyib. Qeyd edib ki, Azərbaycanda media subyektlərinin fəaliyyətinə dövlət tərəfindən kompleks dəstək göstərilir, xüsusilə çap mediasının rəqəmsal transformasiyası istiqamətində mühüm layihələr icra olunur.
“Jenmin Jibao” qəzetinin prezidenti Yu Şaolian rəhbərlik etdiyi media qurumunun tarixi və fəaliyyəti barədə geniş məlumat verib. Bildirib ki, qəzet təkcə çap versiyası ilə deyil, eyni zamanda, müxtəlif rəqəmsal platformalar vasitəsilə milyonlarla izləyiciyə informasiya çatdırır. O, “Jenmin Jibao” qəzetinin AZƏRTAC ilə qarşılıqlı faydalı əməkdaşlığından da söz açıb.
***
Azərbaycan nümayəndə heyəti iyunun 25-də Sinxua xəbər agentliyində olub.
Görüş zamanı Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov cari ilin aprelində Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın və digər sənədlərin imzalanmasının mövcud münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdiyini deyib.
Sinxua agentliyinin prezidenti Fu Hua rəhbərlik etdiyi qurumun beynəlxalq informasiya əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu qeyd edərək, Azərbaycanla media sahəsində əməkdaşlığın inkişafının hər iki tərəf üçün faydalı olacağını vurğulayıb. O bildirib ki, qarşılıqlı dostluq və etimada əsaslanan Azərbaycan-Çin münasibətləri zamanın sınağından keçib və möhkəm təməl üzərində qurulub.
***
Səfər çərçivəsində iyunun 24-də Azərbaycan nümayəndə heyəti Çinin Radio və Televiziya Baş Dövlət İdarəsinin naziri xanım Çao Şumin və qurumun digər yüksəkvəzifəli şəxsləri ilə də görüş keçirib.
“Azərbaycan Respublikası Audiovizual Şurası və Çin Xalq Respublikasının Radio Yayımı və Televiziya Baş Dövlət İdarəsi arasında radio və televiziya yayımı sahəsində əməkdaşlıq haqqında Memorandum” imzalanıb.
Qeyd edək ki, nümayəndə heyətinə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə heyətinin sədri Vüqar Əliyev və “AnewZ” telekanalının icraçı direktoru Rüfət Həmzəyev daxildir.