Ulu öndər Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli Fərmanı ilə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunun bazasında profili genişləndirilərək Bakı Slavyan Universiteti (BSU) yaradılıb. Bu əlamətdar tarixin 25-ci ildönümü münasibətilə BSU-nun Elmi şurasının “Strateji inkişaf planının icrasına dair” genişləndirilmiş iclası keçirilib.

BSU-dan bildirilib ki, iclasda rektor Anar Nağıyev universitetin strateji inkişaf planı çərçivəsində görülən işlər, qarşıya qoyulan vəzifələr və bu istiqamətdə atılan məqsədyönlü addımlar barədə geniş məruzə ilə çıxış edib. Vurğulayıb ki, qəbul olunan strateji plan yeni dövrün çağırışlarına uyğun keyfiyyətli təhsil mühitinin formalaşdırılmasını nəzərdə tutur. Son illərdə universitetin bir sıra beynəlxalq reytinqlərdə yer alması və nəticələrinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması bu istiqamətdə atılan mühüm addımların göstəricisidir.

Rektor həmçinin BSU-nun “Elmi əsərlər” jurnalının tarixi ənənələrinin qorunmaqla, dövrün çağırışlarına uyğun şəkildə yeni formatda nəşrinin davam etdirilməsinin vacibliyini qeyd edib. Jurnalın yeni formatda hazırlanmış “Dil və ədəbiyyat” və “İctimai-siyasi elmlər” seriyaları üzrə ilk iki nömrəsinin nəşr olunduğu diqqətə çatdırılıb.

İclasda qeyd olunub ki, yeni təsis edilən “Baku Journal of Slavic Studies” jurnalının ilk nömrəsi 2025-ci ilin oktyabr ayında “Language and Intercultural Engagement” mövzusu ilə, ikinci nömrəsi isə 2026-cı ilin fevralında “Turkological Research in Slavic Countries” mövzusunda dərc ediləcək. 1955-ci ildə təsis olunmuş “Elmi əsərlər” jurnalını 70 illik yubiley buraxılışı ilə yenidən nəşri bərpa edilib.

İclas zamanı, həmçinin BSU-nun beynəlxalq reytinqlər və müvafiq elmi göstəricilər üzrə mövqeyinin möhkəmləndirilməsinə dair fəaliyyət istiqamətləri müzakirə olunub. 2024–2025-ci tədris ili üzrə “Scopus”, “Web of Science” və “Google Scholar” kimi beynəlxalq elmi bazalarda nəşr olunan məqalələrinə görə fərqlənmiş 20 nəfər universitet əməkdaşı təltif olunub.