İyunun 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Sözün 150 ili” adlı tədbir keçirilib.

Tədbirin aparıcısı ADMİU-nun mətbuat katibi Şahanə Müşfiq giriş sözündə qeyd edib ki, 150 il öncə Həsən bəy Zərdabinin qələmindən süzülən ilk sətirlər Azərbaycanda azad fikrin, ictimai düşüncənin və mədəni maarifçiliyin təməlini qoyub. “Əkinçi” ilə başlayan bu yol indi də davam edir – qələmlə, səslə, səhnə ilə…

ADMİU-nun rektoru Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova Azərbaycan mətbuatının 150 illik şərəfli və tarixi bir yol keçdiyini deyib. Rektor bu yolda Mədəniyyət və İncəsənət Universitetinin də izi olduğunu vurğulayıb,  mətbuatın müxtəlif sahələrində, xüsusən televiziyada ADMİU-nun məzunlarının uğurla fəaliyyət göstərdiyini, universitet rəhbərliyinin, müəllimlərinin onlarla fəxr etdiyini bildirib.

Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid milli mətbuatın 150 illik yubileyinin qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamının mətbuata, jurnalistika və onun təmsilçilərinə olan dəyərin daha bir nümunəsi olduğunu vurğulayıb. Sərəncamdan irəli gələrək müxtəlif dövlət qurumlarının Milli Mətbuat Günü ilə bağlı silsilə tədbirlər keçirdiyini deyən R.Məcid ADMİU-nun təşəbbüsünü alqışlayıb və mətbuatımızda ADMİU-nun məzunlarının da təmsil olunduğunu deyib.

Əməkdar jurnalist Varis Yolçiyev, Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, ADMİU-nun Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri Əməkdar incəsənət xadimi Əli Əmirli də çıxışlarında günün məna və önəmindən danışıblar.

ADMİU-nun məzunları - AzTV-nin "Mədəniyyət" kanalının direktor müavini Bəhruz Niftəliyev, "İdman" kanalının direktoru Zaur Zeynalov, “moderator.az” saytının baş redaktoru Xəyalə Rəis, Baku TV-nin redaktoru Emil Hacıyev tələbəlik illərindən və mətbuatdakı fəaliyyətlərindən danışıblar.

ADMİU-nun tələbələrinin ifasında bədii proqram təqdim edilib. 

Sonda ADMİU-nun fəaliyyətini işıqlandıran bir sıra media qurumlarının nümayəndələrinə təşəkkürnamə və ADMİU-nun müharibə qəhrəmanlarına həsr olunmuş “Sənətdən cəbhəyə” kitabı (müəllif Şəhanə Müşfiq) təqdim olunub.