Beynəlxalq Muğam Mərkəzində tanınmış ritm ustadı, qaval ifaçısı, pedaqoq Mahmud Salahın 65 illiyinə həsr olunmuş musiqi axşamı keçirilib.
Mərkəzdən bildirilib ki, tədbir pedaqoqun həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başlanıb.
Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru professor Kamilə Dadaşzadə çıxış edərək Mahmud Salahı məharətli qaval ifaçısı, Azərbaycan muğamlarının bilicisi, öz sənətini yeni nəslə yorulmadan təbliğ edən fədakar pedaqoq kimi səciyyələndirib. O, yubilyara xoş arzularını bildirib və təhsil ocağının fəxri fərmanını təqdim edib.
Xalq artistləri Vamiq Məmmədəliyev, Mənsum İbrahimov, AMK-nın kafedra müdiri Firudin Qurbansoy, bəstəkar, Əməkdar artist Vüqar Camalzadə sənətkarın yaradıcılıq yolundan və pedaqoji fəaliyyətindən söz açıblar.
Qeyd edilib ki, Mahmud Salah indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Baba Salahovun rəhbərliyi ilə Azərbaycan Dövlət Televiziyası və Radiosunun Xalq çalğı alətləri ansamblında qoşanağara, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri və Opera və Balet Teatrının Simfonik orkestrində qaval ifaçısı kimi çalışıb. 1988-ci ildə “Buta” instrumental muğam üçlüyünü, 2000-ci ildə “Qədim Şərq” muğam qrupunu yaradıb. UNESCO xətti ilə keçirilən bir sıra festivalların iştirakçısıdır. Sənətçi həmkarları ilə Azərbaycan musiqisini Böyük Britaniya, Almaniya, ABŞ, Rusiya və digər ölkələrdə təmsil edib. Uzun illərdir Azərbaycan Milli Konservatoriyasında “Muğam” kafedrasında xanəndələrə qaval ifaçılığından dərs deyir.
Gecənin bədii hissəsində Mahmud Salahın tələbələrinin ifasında xalq mahnıları, muğam və təsniflər ifa olunub.
Sonda yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.