Süni intellekt alqoritmlər əsasında işləyən sistemdir. Bu səbəbdən bəzən insanlardakı qərəzləri təkrar edir və daha geniş şəkildə yayır. Əgər bir model islamofob məzmunla öyrədilibsə, o zaman bu qərəzli informasiyanı sosial mediada, axtarış nəticələrində və hətta hüquq-mühafizə sistemlərində təkrar istehsal edə bilər.

Bu barədə Qətər Hökumət Media Mərkəzinin direktoru xanım Eyman Al-Kaabi Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfransın panel iclasında çıxışı zamanı danışıb.

“İslamofobiya media və rəqəmsal məkanlarda: Süni intellekt sistemləri islamofob qərəzi necə yaya və gücləndirə bilər” mövzulu paneldə danışan Qətər nümayəndəsi qeyd edib ki, müsəlman adları ilə bağlı axtarışlarda mənfi nəticələrin önə çıxması və ya avtomatik filtrlərdə müsəlman geyimi və simvollarının “şübhəli” kimi işarələnməsi artıq qeydə alınmış hallardır. Bu hallar süni intellektin neytral deyil, insan qərəzlərindən təsirləndiyini sübut edir.

“Bunun qarşısını almaq üçün etik alqoritmlər, diversifikasiya olunmuş təlim məlumatları və nəzarət mexanizmləri vacibdir. Rəqəmsal məkan yalnız texnologiya ilə deyil, ədalət və bərabərlik prinsipləri ilə də idarə olunmalıdır. Unutmayaq ki, texnologiya bizi bölmək üçün deyil, birləşdirmək üçün olmalıdır”, – deyə o bildirib.

Xatırladaq ki, 26-27 may tarixlərində Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans keçirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə gerçəkləşən konfrans İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunub. G20 Dinlərarası Forumu (IF20), İƏT, ICESCO, Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi (DICID), İnsan Qardaşlığının Ali Komitəsi, Müsəlman Ağsaqqallar Şurası, Almaniya Müsəlmanlarının Mərkəzi Şurası, EULEMA - Avropa Müsəlman Liderləri Məclisi və Beynəlxalq Müsəlman Forumu konfransın xarici tərəfdaşları sırasında yer alıb.