Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə “Pillə-3” Respublika Tələbə Tamaşaları Festivalı keçirilir.

Tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadların aşkarlanmasına dəstək olmaq və teatr tədrisi prosesini aktivləşdirmək məqsədi daşıyan ənənəvi festival bu il “Konstitusiya və Suverenlik İli”nə həsr edilib.

Mayın 26-da keçirilən açılış mərasimində ADMİU-nun rektoru Əməkdar İncəsənət xadimi, professor Ceyran Mahmudova  universitetdaxili layihə kimi başlanan festivalın artıq respublika səviyyəsində təşkil olunduğunu vurğulayıb. “Pillə-3” festivalına 8 universitetin qatıldığını diqqətə çatdıran rektor bütün iştirakçılara uğurlar arzulayıb.

Münsiflər heyətinin sədri, ADMİU-nun Dram rejissoru və səhnə plastikası kafedrasının müdiri Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilov festivalın önəmindən danışıb.

Açılış mərasimindən sonra ADMİU tələbələrinin “Dönüş” (C.Cabbarlı) tamaşası nümayiş olunub.

Festivalın ilk günündə Naxçıvan Dövlət Universitetinin tələbələrinin “Uçurum” (H.Cavid), ADMİU təmsilçilərinin daha bir tamaşası – “Arqon” (Ş.Xeyrulla) və Azərbaycan Dillər Universiteti tələbələrinin “Arşın mal alan” (Ü.Hacıbəyli, ingilis dilində) tamaşaları da  təqdim edilib.

Festival iyunun 2-də başa çatacaq.