Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyi, Aqdal-Riyad Bələdiyyəsi və Arribat Mərkəzinin birgə təşkilatçılığı ilə “Mərakeş uşaqlarının gözü ilə Azərbaycan” mövzusunda rəsm müsabiqəsi keçirilir.
Səfirlikdən verilən məlumata görə, müsabiqə 1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü və Mərakeş Krallığının vəliəhd şahzadəsi Mulay Həsənin doğum günü münasibətilə təşkil olunub.
Müsabiqə ilə bağlı keçirilən mərasimdə Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov bu təşəbbüsün uşaqlar arasında yaradıcılığı, mədəniyyətlərarası dialoqu və dostluq münasibətlərini təşviq etdiyini bildirib. “Uşaqlar Azərbaycanı öz təsəvvürləri ilə rəsmlərə köçürərək, ölkəmizin mədəni irsini, musiqisini və müasir simasını böyük zövq və dəqiqliklə əks etdirirlər”, – deyə o vurğulayıb.
Diplomat mərakeşli tərəfdaşlara, müəllim və valideynlərə təşəkkürünü bildirib və müsabiqədə qatılan uşaqları “yaradıcılıq səfirləri” adlandıraraq, onların bu layihə vasitəsilə Azərbaycan və Mərakeş arasında dostluq körpüsü qurduqlarını deyib
Qeyd edək ki, Arribat Mərkəzi Mərakeşin paytaxtı Rabatda ən iri ticarət mərkəzidir. Müsabiqə iştirakçıları rəsmləri burada çəkirlər. Mərakeşli uşaqların rəsmləri mərkəzi ziyarət edən minlərlə insana Azərbaycanı tanıdacaq.