Sumqayıt Dövlət Dram Teatrında yazıçı Kərim Həsənovun “Sehrli yaylıq” əsəri əsasında eyniadlı uşaq tamaşasının premyerası olub.
Teatrdan bildirilib ki, səhnə əsərinə gənc rejissor Fuad Cavadzadə quruluş verib. Quruluşçu rəssam Nizami Dadaşov, musiqi tərtibatçısı Zaur Rəşidov, xoreoqraf Kamil Ağazadə, rejissor assistenti Fazilə Rzayevadır.
Nağılvari fantastik səhnə əsərində balaca Eldarın başına gələnlərdən bəhs olunur. Tamaşa vasitəsilə balacalara faydalı işlər görmək, mobil felyetonla az vaxt keçirtmək, dərsləri yaxşı oxumaq, ailəyə, dövlətə, millətə yararlı vətəndaş ola bilmək kimi yaxşı vərdişlər aşılanır.
Rolları Əməkdar artistlər Sədaqət Nuriyeva, Elmira Kərimova, aktyorlar Sevda Cəlilova, Vəfa Qurbanova, Rövşən Əsgərov, Ceyhun Məhərrəmov, Şəhla Məmmədova, Şəmistan Süleymanlı, Elay Xasıyev, İlahə Səfərova, Elmir Mehdiyev, Kamran Muradlı, Məryəm Hüseynli, Aynur Hümbətova, Emil Həmidov, Günəş Bağırsoy, Səid Hüseynov və Şəhriyar Aşkari canlandırıblar.