Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, “Mədəni Əlaqələrin İnkişafına Dəstək” İctimai Birliyi və Üzeyir Hacıbəylinin Ev-Muzeyinin dəstəyi ilə paytaxtın musiqi və incəsənət məktəblərinin kollektivləri üçün fortepiano ixtisası üzrə ustad dərsi keçirilib.
MEMİM-dən verilən məlumata görə, Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr olunan ustad dərsi dahi bəstəkarın ev-muzeyində İtaliyanın yapon əsilli pianoçusu Elena Chiavegato tərəfindən aparılıb.
Elena Chiavegato dərsə başlamazdan əvvəl Azərbaycanın zəngin musiqi mədəniyyəti ilə tanışlıq təəssüratını bölüşərək ölkəmizə səfəri çərçivəsində onun yaradıcılığına göstərilən diqqətə görə məmnunluğunu bildirib.
"Mədəni Əlaqələrin İnkişafına Dəstək" İB-nin sədri İlahə Qismət layihələrin mədəniyyətimiz üçün əhəmiyyətindən, gənclərimizin yaradıcılığına göstərdiyi müsbət təsirindən danışıb, həmçinin bir bəstəkar kimi əsərlərinin italyan pianoçunun repertuarına daxil edilməsinə görə çox sevincli olduğunu vurğulayıb.
MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov incəsənət təhsili səviyyəsinin müasir beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin müəllim və şagirdlərin peşəkar inkişafı üçün həm nəzəri, həm də praktiki biliklərin artırılması baxımımdan bu cür dərslərin əhəmiyyətini vurğulayaraq, qonağa xatirə hədiyyələri təqdim edib.
Ustad dərsi Elena Chiavegatonun ifasında F.Mendelson "Noktürn" və İlahə Qismətin "Kəpənəklərin rəqsi" əsərlərinin səslənməsi ilə başlanılıb.
E.Chiavegato müəllim və şagirdlər üçün innovativ tədris metodikası, dərs zamanı diqqət edilməli əsas məqamlar, düzgün repertuar seçiminin təşkilindən danışıb, fortepiano tədrisinin metodikasındakı əsas kateqoriyaları, musiqi pedaqogikasının öyrədilməsi sahəsində müasir tələblərə uyğun bilik və bacarıqları nəzəri və praktiki baxımından izah edib.
Qeyd edək ki, beynəlxalq müsabiqələr laureatı olan pianoçu Milanın “Teatro alla Scala”, Venesiyanın “Teatro La Fenice”, Parisin “Salle Cortot”, Barselonanın “Palau de la Música Catalana” kimi aparıcı konsert salonlarında çıxış edib.