Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra Gözəl Sənətlər Akademiyası mayın 5-dən 7-dək “Bir ud, çoxlu mədəniyyətlər” adlı III Fuceyra Beynəlxalq Ud Forumuna ev sahibliyi edəcək.

Fuceyra Mədəniyyət və Yaradıcılıq Mərkəzində keçiriləcək forumda Mərakeş Krallığı (xüsusi qonaq ölkə), eləcə də Azərbaycan, Özbəkistan, Türkiyə, İran, Misir, Suriya, Oman, İraq və İspaniya kimi ölkələrdən ud və milli musiqi alətləri ifaçıları iştirak edəcəklər.

Forumda Azərbaycanı Beynəlxalq Muğam Mərkəzinin (BMM) solisti, tarzən Rəşad İbrahimovun rəhbərliyi ilə musiqi qrupu təmsil edəcək. Heyətə Əməkdar artist Çinarə Heydərova (qanun), Təbruz Yusubov (kamança), Nisbət Sədrayeva (xanəndə), İdris Hüseynov (ud), Vüsal Bayramov (nağara) və Rafael Əsgərov (balaban) daxildir.

BMM-dən verilən məlumata görə, tədbirin açılış mərasimində müxtəlif millətlərdən olan 50 musiqiçidən ibarət orkestr hind, özbək, Azərbaycan və türk üslubları ilə yanaşı, ispan flamenkosu, rok musiqisi və ərəb şərq musiqisi kimi müxtəlif musiqi üslublarını birləşdirən musiqi proqramı ilə çıxış edəcək.

Forumun ikinci və üçüncü günlərində solo və qrup çıxışlar dinləniləcək .

Fuceyra Gözəl Sənətlər Akademiyasının baş meneceri Əli Obaid Əl Hefaiti bildirib ki, forum akademiyanın musiqi vasitəsilə xalqlar arasında mədəni dialoqun təşviqinə sadiqliyini əks etdirir. Tədbirin məqsədi Fuceyra Əmirliyinin beynəlxalq səhnədə bədii varlığını artırmaqla mədəni müxtəlifliyin simvolu və sivilizasiyalar arasında ünsiyyət körpüsü kimi ud alətinin vurğulanmasıdır. Fuceyrə Beynəlxalq Ud Forumu yerli və beynəlxalq incəsənət səhnəsinin zənginləşdirilməsinə töhfə verən oyun, sənətkarlıq və mədəni mübadiləni birləşdirən unikal platformadır.