Misir paytaxtının ən böyük konsert salonlarından birində – Qahirə Opera Evində Qahirə Simfonik Orkestrinin ifasında “XX əsrin şedevrləri 1” adlı musiqi proqramı təqdim edilib.
Konsert proqramının birinci hissəsində görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Tofiq Bakıxanovun violonçel və orkestr üçün konsertindən 3 hissə (Allegro non troppo, Largamento, Finale: Allegro con fuoco) səsləndirilib.
Daha sonra məşhur rus bəstəkarı İqor Stravinskinin əsərlərindən (Pulsinella, "Alov quşu" (1919-cu il versiyası) ibarət konsert təqdim olunub.
Konsertin solisti Viktoriya Kapralova (violonçel), dirijoru Əhməd əl-Saedi olub.
Qeyd edək ki, Tofiq Bakıxanovun violonçel və simfonik orkestr üçün konsertii 2024-cü ilin noyabrında Qahirədə keçirilən Azərbaycan klassik musiqisi gecəsində də səslənmişdi.