Aprelin 28-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın (1923–1985) anadan olmasının 102-ci ildönümüdür.
AMEA-nın Rəyasət Heyəti və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun təşkilatçılığı ilə aprelin 24-də akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş dəyirmi masa keçirilib.
Öncə Əlyazmalar İnstitutu tərəfindən hazırlanmış və akademik Zərifə xanım Əliyevaya həsr olunmuş sərgiyə baxış keçirilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli giriş nitqində tədbirin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, tədbir Əlyazmalar İnstitutunun təşəbbüsü ilə fərqli formatda keçirilir, akademik Zərifə Əliyevanın həyatını həsr etdiyi tibb elminə dair institutda saxlanılan XII-XVII əsrlərə aid əlyazmalar sərgilənir.
Akademik Zərifə Əliyevanın oftalmologiya sahəsindəki tarixi xidmətlərinin nəinki ölkəmizdə, bütün keçmiş Sovet İttifaqında və dünyada qəbul olunduğunu və yüksək qiymətləndirildiyini deyən AMEA rəhbəri diqqətə çatdırıb ki, Azərbaycanda traxoma xəstəliyinin qarşısının alınması və müalicə üsullarının müəyyənləşdirilməsi akademik Zərifə Əliyevanın adı ilə bağlıdır: "Bu məqsədlə akademik Zərifə Əliyevanın təşəbbüsü əsasında həkim briqadaları təşkil edilmiş, Bakıda və rayonlarda traxoma xəstəliyinə qarşı mübarizə aparılmışdır. Zərifə xanım istehsal müəssisələrində və sənayedə yaranmış göz xəstəliklərinə qarşı da ciddi mübarizə aparmış, bir sıra müəssisələrdə onun tərəfindən laboratoriyalar yaradılaraq peşə xəstəlikləri yerindəcə müayinə və müalicə olunmuşdur. Akademik Zərifə Əliyeva bu istiqamətdə praktik və elmi fəaliyyəti ilə sənaye oftalmologiyasının əsasını qoymuşdur”.
Akademik Zərifə Əliyevanın tibb sahəsindəki zəngin fəaliyyətini elmi tədqiqatları ilə genişləndirdiyini deyən natiq alimin təşəbbüsü ilə Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə laboratoriyanın yaradıldığını, həmçinin ixtisaslaşmış oftalmoloq kadrlar yetişdirildiyini vurğulayıb. AMEA rəhbəri akademik Zərifə Əliyevanın bu sahədə həyata keçirdiyi elmi fəaliyyətinə görə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görüldüyünü və Azərbaycan qadınının zəkasını bütün dünyaya göstərdiyini söyləyib.
Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli çıxışında sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanım Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçdiyini, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb, onun elmi araşdırmalarının, alim kimi qazandığı böyük uğurların Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutduğunu deyib.
AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, AMEA-nın akademik-katibi akademik Arif Həşimov, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və Əlyazmalar İnstitutunun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin müdiri dosent Aygül Hacıyeva çıxış edərək akademik Zərifə xanım Əliyevanın vəfalı ömür-gün yoldaşı, ana, həkim, alim və ictimai xadim olaraq yüksək mədəniyyəti, alicənablığı, zərifliyi, insanlığı və parlaq zəkası ilə hər kəsin sevgisini qazandığını söyləyiblər.