26 aprel Beynəlxalq Əqli Mülkiyyət Günüdür. Bu münasibətlə Milli Kitabxanada əqli mülkiyyət mövzusunda sərgi təşkil edilib.

Kitabxanadan bildirilib ki, sərgidə əqli mülkiyyət siyasəti, əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı, patent qanunvericiliyi, müəlliflik hüququ və əlaqəli hüquqlar, məlumat topluları, ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilər haqqında hüquqlar, Azərbaycan folkloru nümunələri, ənənəvi biliklər və qeyri-maddi mədəni irs nümunələri, erməni plagiatçılığı və s. haqqında ədəbiyyatlar Azərbaycan və xarici dillərdə nümayiş olunur.

Beynəlxalq Əqli Mülkiyyət Günü Dünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən 2000-ci ildə təsis edilib. Bu gün hər il bir deviz altında keçirilir. 2025-ci ilin devizi belədir: "Əqli mülkiyyət və musiqi: əqli mülkiyyətin ritmini hiss edin".

Azərbaycan da əqli mülkiyyət sahəsində qabaqcıl ölkələr sırasındadır. Əqli Mülkiyyət Agentliyinin yaradılması, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunun (2012) qəbul olunması, mülkiyyətin mühafizəsi sahəsindəki dövlət siyasəti bu sahədə tədbirlərin əhatə dairəsini daha da genişləndirib.