Aprelin 26-da XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında böyük xidmətlər göstərmiş görkəmli alim, yazıçı, pedaqoq Mir Cəlal Paşayevin (1908–1978) anadan olmasının 117-ci ildönümü tamam odur.

Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli alimin həyat və yaradıcılığından bəhs edən “Ədəbiyyatımızın Mir Cəlal zirvəsi” adlı elektron məlumat bazası hazırlanıb.

Kitabxananın saytında yerləşdirilən elektron məlumat bazasında yazıçının həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərinin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər, filologiya elmləri doktoru Vaqif Yusiflinin “Unudulmayan Mir Cəlal müəllim”, professor Nizaməddin Şəmsizadənin “Yazıçı şəxsiyyəti: səmimiyyət və cəsarət...” kimi məqalələrinin tam mətni təqdim edilir.

Elektron bazada görkəmli alimin türk, rus, ərəb, alman dilinə tərcümə edilən yaradıcılıq nümunələrinin, uşaqlar üçün işlədiyi kitabların, dərsliklərdə, məcmuələrdə, dövri mətbuatda dərc edilmiş bədii əsərlərinin, publisistik məqalələrinin, yazıçı haqqında qələmə alınan kitabların, məqalələrin siyahıları yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada “Tərcümələr”, “Dissertasiya və avtoreferatlar”, “İzonəşrlər”, “Filmoqrafiya”, “Foto və videoqalereya” bölmələri, kitablarının virtual sərgisi də təqdim edilir.

Professor Mir Cəlal Paşayev haqqında hazırlanan virtual kitab sərgisi də kitabxananın saytında yerləşdirilib.