
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Nəsildən-nəslə teatr” layihəsi uğurla davam edir.
Layihə çərçivəsində aprelin 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dəstəyi ilə “Teatr pedaqogikası: istedad yoxsa elm?..” adlı panel keçiriləcək.
Mərkəzdən verilən məlumata görə, teatrın kiçik səhnəsində təşkil olunacaq panelin qonağı Əməkdar artist, rejissor, aktyor Nicat Kazımov teatr pedaqogikasının nəzəri-praktiki əsasları, teatr təhsilində ənənə və müasirlik, yeni yaradıcı tendensiyalar kimi mövzularda fikir mübadiləsi aparacaq.
Layihənin məqsədi nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla Azərbaycanda teatr prosesinin inkişafına töhfə vermək, gənclərin teatr sahəsinə marağını artırmaq və aktiv yaradıcı mühit formalaşdırmaqdır.