Aprelin 20-si Xristian dünyasının müqəddəs günlərindən biri – Pasxa bayramıdır.  

Pasxa – İsa Məsihin zühur etdiyi günün bayram edilməsidir. Xristianlıq inancına görə, İsa Məsih çarmıxa çəkiləndən iki gün sonra – bazar günü zühur edib. Pasxadan öncəki şənbə gecəsi kilsələrdə mərasimlər keçirilir, müqəddəslərin şərəfinə şam yandırılır, dualar oxunur. Sabahı – bazar günü Pasxa bayramı qeyd olunur.

Katoliklər və pravoslavlar, təqvimlərdəki fərqə görə (katoliklər dini günləri yeni (Qriqorian), pravoslavlar isə köhnə (Yuilian) təqvimlə hesablayırlar), bayramı əksər hallarda fərqli günlərdə qeyd edirlər, amma bu il Pasxa bütün xristianlar üçün eyni günə –aprelin 20-nə təsadüf edib. 

***

Prezident İlham Əliyev Azərbaycanda yaşayan xristianları müqəddəs Pasxa bayramı münasibətilə təbrik edib.

Təbrik müraciətində qeyd edilir ki, zəngin tolerantlıq ənənələrinə malik Azərbaycanda tarixin heç bir dönəmində din və məzhəb zəminində ayrı-seçkilik halları olmamış, etnomədəni müxtəliflik günümüzədək qorunub saxlanılmışdır. Cəmiyyətimizdə qarşılıqlı hörmətə və etimada əsaslanan birgəyaşayış mədəniyyətinin, mütərəqqi ictimai-əxlaqi dəyərlərin təbliği və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindəndir.

"Bu gün milli-mənəvi həmrəyliyin və nümunəvi dözümlülük mühitinin hökm sürdüyü cəmiyyətimizdə xristian icmasının özünəməxsus yeri vardır. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, xristian etiqadlı vətəndaşlarımız ölkənin ictimai-siyasi və mədəni həyatında layiqincə təmsil olunur, doğma evimiz Azərbaycanın inkişafına və tərəqqisinə əhəmiyyətli töhfələr verirlər.

Əziz dostlar!

Pasxa bayramı yeniliyi, dirçəlişi, mərhəmət və xeyirxahlıq duyğularını təcəssüm etdirir. Bu nurlu gündə bir daha hər birinizə xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram.

Bayramınız mübarək olsun!" – deyə müraciətdə vurğulanır.