15 aprel Dünya İncəsənət Günüdür (World Art Day). Əlamətdar gün 26 noyabr 2019-cu ildə UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında təsis olunub. Bununla bağlı qətnamədə Dünya İncəsənət Gününün bədii yaradıcılıqla cəmiyyət arasında əlaqələrin möhkəmlənməsi, bədii ifadə müxtəlifliyinin önəmi və sənət adamlarının davamlı inkişafa verdiyi töhfələri diqqətə çatdırmaq məqsədi daşıdığı bildirilir.

UNESCO-nun Dünya İncəsənət Günü münasibətilə ilk mesajı (2020) pandemiya dövrünə təsadüf etmişdi. Mesajda bu günün incəsənətin cəmiyyəti bir araya gətirmək, ilham vermək, birgə fəaliyyətə təkan vermək qabiliyyətini daha aydın nümayiş etdirmək baxımından xüsusilə önəmli olduğu vurğulanırdı.

Hər il UNESCO tərəfindən Dünya İncəsənət Gününün mövzusu elan edilir və bu, incəsənətin cəmiyyətə və şəxsi həyatımıza necə təsir etdiyinin müxtəlif aspektlərinə fokuslanaraq dəyişir.

2025-ci il üçün "İfadə bağı: İncəsənət vasitəsilə icmanın yetişdirilməsi" mövzusu seçilib.

Ötən il Dünya İncəsənət Günü UNESCO tərəfindən “İncəsənət və insan ləyaqəti” devizi ilə qeyd olunmuşdu. Bu münasibətlə UNESCO-nun himayəsi altında, Dünya Səhiyyə Təşkilatı və Qlobal Sülh Təhsili Şəbəkəsi (GPEN) ilə əməkdaşlıqda “İncəsənət və insan ləyaqəti: İnsan hüquqları və sülh mədəniyyəti üçün müalicə incəsənətləri” adlı forum təşkil edilmişdi.

Xatırladaq ki, UNESCO-nun 2019-cu ildə qəbul etdiyi qərara qədər 15 aprel dünyada qeyri-rəsmi olaraq “Beynəlxalq mədəniyyət günü” kimi qeyd olunub. Həmin tarix isə 1935-ci il aprelin 15-də rus rəssamı, arxeoloq və yazıçı Nikolay Rerixin təşəbbüsü ilə Vaşinqtonda “Bədii, elmi müəssisisə və tarixi abidələrin qorunması haqqında” müqavilənin (“Vaşinqton paktı” və ya “Rerix paktı”) imzalanması ilə bağlı idi. 20-yə yaxın ölkənin imzaladığı “Vaşinqton paktı” mədəni irsin qorunması ilə bağlı ilk beynəlxalq sənəd sayılır. Sonradan bu paktın bır sıra  müddəaları BMT-nin və UNESCO-nun mədəni irslə bağlı sənədlərində əksini tapdı və inkişaf etdirildi.

V.Orxan