Xəbər verdiyimiz kimi, 10-13 aprel tarixlərində Azərbaycanda Qətər Mədəniyyəti Günləri keçirilir. Bu münasibətlə Qətər Dövlətinin mədəniyyət naziri Əbdülrəhman bin Həməd Əl-Taninin başçılığı ilə nümayəndə heyəti ölkəmizə gəlib.
Aprelin 11-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qətər Dövlətinin mədəniyyət naziri Əbdülrəhman bin Həməd əl-Tani ilə görüşüb.
Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycan-Qətər münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib, xüsusilə mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu bildirilib.
Söhbət zamanı Qətər Mədəniyyəti Günlərinin əhəmiyyətinə toxunulub, tədbirin Qətər xalqının zəngin mədəni irsi, adət-ənənələri ilə yaxından tanış olmaq üçün paytaxt sakinlərinə və qonaqlara gözəl fürsət yaratdığı diqqətə çatdırılıb.
Eyni zamanda, 2024-cü ildə Qətərin paytaxtı Doha şəhərində Azərbaycan Mədəniyyəti Günlərinin çox uğurla keçirildiyi xatırlanıb. Bu cür tədbirlərin iki ölkənin xalqlarının daha da yaxınlaşmasına, dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyi vurğulanıb.
Görüşdə, həmçinin Azərbaycan ilə Qətər arasında ticarət, investisiya, humanitar, mədəniyyət, turizm və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Görüşdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli də iştirak edib.