Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü münasibətilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” kimi qeyd edilir. Bu məqsədlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Konstitusiya və Suverenlik İli” adlı elektron resurslar bazası və eyniadlı biblioqrafik icmal hazırlanıb.

Kitabxanadan bildirilib ki, biblioqrafik icmalda “Heydər Əliyev və müstəqil Azərbaycanın ilk Konstitusiyası”, “Heydər Əliyev: dünya sivilizasiyasında elit şəxsiyyət”, “Azərbaycan 1995 : Qarşıdurmadan milli həmrəyliyə”, “Möhtəşəm 20 il : 2003-2023”, “Azərbaycan tarixinin yeni dövrünün başlanğıcı: Xankəndi zəfəri”, “Azərbaycan Respublikasının konstitusion inkişafı”, “Hüquqi dövlət və konstitusiya”, “Azərbaycan Respublikası Konstitusiyasında təhsil və tərbiyə məsələləri” kimi 60-dan çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və dövrü mətbuat nümunələri (Azərbaycan vərus dillərində) əhatə olunub.

“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar kitabxananın saytında elektron resursların bazası da yaradılır. Bazada mövzu üzrə dövrü mətbuat nümunələrinin internet portallarında dərc edilən 30-dan çox material toplanıb. İstifadəçilər keçidlər vasitəsilə məqalələrin tam mətninə baxa bilərlər.