"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi "Şəhid övladlarının incəsənət akademiyası" layihəsinə yekun vurulub. Beynəlxalq Muğam Mərkəzində layihənin bağlanış mərasimi keçirilib.

Mərasimdən əvvəl foyedə akademiyanın rəsm qrupunun üzvlərinin əl işlərindən ibarət sərgi nümayiş olunub.

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxış edərək layihənin məqsədinin şəhid övladlarının incəsənət sahəsində inkişafına töhfə vermək olduğunu, şəhid övladlarının yaradıcılıq potensialını üzə çıxarmaq və onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq üçün nəzərdə tutulduğunu bildirib.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova akademiyanın iştirakçılarının qazandığı bilik və bacarıqların onların gələcək inkişafına mühüm təsir göstərəcəyini qeyd edib.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynova layihənin emosional tərəflərindən bəhs edərək layihəni şəhid övladlarının mənəvi dünyasına işıq salan bir təşəbbüs kimi dəyərləndirib.

Layihənin gedişatını və nəticələrini əks etdirən videoçarx nümayiş olunub.

Tədbir tanınmış incəsənət ustaları və akademiyanın musiqi qrupunun üzvlərinin ifalarından ibarət bədii hissə ilə davam edib. Xalq artisti Fidan Hacıyeva, Əməkdar artistlər Təyyar Bayramov, İlkin Əhmədov və Aqşin Abdullayevin akademiyanın üzvü olan şəhid övladları ilə duetləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

“Qəhrəman övladıyıq” xor qrupunun ifasında sözləri Xalq şairi Vahid Əzizə, musiqisi isə Könül Hüseynovaya aid olan “Vətən övladları” mahnısının təqdimatı keçirilib.

Sonda akademiyanı bitirən şəhid övladlarının mükafatlandırma mərasimi olub.

Qeyd edək ki, üç ay sürən layihə çərçivəsində iştirakçılar Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində rəssam Nigar Şıxəliyeva və vokal müəllimi Reqina Məcidova tərəfindən keçirilən dərslərdə iştirak ediblər.