Tarixdəki olaylar
23 mart 1920 – Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu, sayca beşinci hökumət koalisiyası ixtilaf nəticəsində parçalanıb. Beşinci koalisiya hökuməti (baş nazir Nəsib bəy Yusifbəyli) 1919-cu ilin dekabrında qurulmuşdu. Sosialist Əhməd bəy Pepinov (əmək və torpaq işləri naziri) hökumətdən istefa verib. Ondan sonra partiyadaşı Camo Hacinski (poçt-teleqraf naziri) istefa verib və sosialist fraksiyası hökumət koalisiyasını tərk edib. Onun ardınca “İttihad” fraksiyası (iki nazir) da koalisiyanı tərk etdiyini bəyan edib.
23 mart 1943 – Alman faşistləri Belarusun Xatın kəndində qətliam törədiblər. Kənd əksəriyyəti qoca, qadın və uşaqlardan ibarət əhalisi ilə birlikdə yandırılıb, 149 nəfər, o cümlədən 75 uşaq qətlə yetirilib.
23 mart 1947 – Britaniyanın Hindistan üzərində müstəmləkəsi dağılandan sonra Pakistan da müstəqilliyini elan edib. 1956-cı ildən Pakistan İslam Respublikası adlanır. Hindistanla Pakistanın ayrılması münaqişəsiz ötüşmədi, 1965 və 1971-ci illərdə iki ölkə arasında müharibə baş verdi. Münaqişəli Kəşmir məsələsi indiyədək həll edilməyib.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
23 mart 1826 – Çex əsilli Avstriya bəstəkarı Lüdviq (Ludwig) Minkus (1826 – 7.12.1917) anadan olub. “Don Kixot”, “Qızıl balıq” və s. baletlərin müəllifidir.
23 mart 1875 – Türk şairi, yazıçısı və mütəfəkkiri, türk millətçiliyi məfkurəsinin yaradıcısı Ziya Göyalp (Mehmet Ziya Gökalp; 1875 – 25.10.1924) Diyarbəkirdə doğulub.
23 mart 1881 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1937) laureatı Roje Marten dü Qar (Roger Martin du Gard; 1881–1958) anadan olub.
23 mart 1910 – Yapon kinorejissoru Akira Kurosava (1910 – 6.8.1998) anadan olub. “Yeddi samuray”, “Dersu Uzala” və s. flimlərə quruluş verib.
23 mart 1915 – Azərbaycanın Xalq artisti, tanınmış rəqqas Əlibaba Əbdül oğlu Abdullayev (1915 – 10.10.1980) anadan olub. Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupuna rəhbərlik edib. Filmlərdə rəqslərin quruluşçusu olub.
23 mart 1920 – Görkəmli bəstəkar, Xalq artisti, professor Əşrəf Cəlal oğlu Abbasov (1920 – 8.2.1992) Şuşada anadan olub. İlk milli uşaq baleti (“Qaraca qız”), musiqili komediyalar, simfonik əsərlər və mahnıların müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) rektoru (1953–1957) olub.
23 mart 1929 – Əməkdar artist, vokalçı Firuzə Ramazan qızı Muradova (1929–1987) Bakıda doğulub. Opera və Balet Teatrının solisti olub.
23 mart 1930 – Əməkdar artist Şəfiqə Şirməmməd qızı Axundova (1930–2005) Lənkəranda doğulub. Azərbaycan Dövlət Kukla Teatrının aktrisası olub.
23 mart 1942 – Əməkdar artist Rza Darablı (Rza Nəcəfəli (Nəcəfqulu) oğlu Hüseynov; 1883–1942) vəfat edib. 1919-cu ildən Azərbaycan Dövlət Teatrında aktyor kimi çıxış edib, filmlərə çəkilib.
23 mart 1957 – Əməkdar mədəniyyət işçisi, şair İsmayıl Cabir oğlu Dadaşov (1957 – 22.10.2020) anadan olub. “Azərbaycanfilm”də musiqi redaktoru işləyib.
Hazırladı: Vüqar Orxan