
Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun (1935-2016) anadan olmasının 90 ili tamam olur. Azərbaycan Prezidenti İlham Əliyevin ədibin 90 illik yubileyinin keçirilməsinə dair imzaladığı Sərəncamdan irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Maqsud İbrahimbəyov nəsri: milli kolorit, milli xarakter" adlı virtual kitab sərgisi hazırlanıb.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə M.İbrahimbəyovun çoxşaxəli fəaliyyəti, zəngin bədii irsi haqqında məlumat verilir, onun istedadlı nasir olması ilə yanaşı, dramaturq, kinossenarist kimi də yaddaqalan ekran əsərlərinin müəllifi olduğu qeyd edilir. Sərgidə yazıçının Azərbaycan Respublikası və Rusiya Federasiyası tərəfindən layiq görüldüyü orden, medal və fəxri adlar haqqında məlumat verilir, müəllifin kitablarının 36 dilə tərcümə olunduğu, bir çox ölkələrdə dərc edildiyi və səhnələşdirildiyi diqqətə çatdırılır. Materialda adət-ənənələrə bağlılıq faktorunun, Bakı mühitinin özünəməxsus, koloritii təsvirinin M.İbrahimbəyov yaradıcılığını səciyyələndirən əsas xüsusiyyətlər olması da vurğulanır.
Materialda müəllifin “Cəhənnəmə sərinlik gəldi”, “Müharibənin 1001 gecəsi”, “Ondan yaxşı qardaş yox idi”, “Qara paltarlı qadın”, “Qoy o bizimlə qalsın”, “Püstə ağacı”, “Uşaqlığın son gecəsi” kimi kitablarının qısa annotasiyası təqdim edilir və onun haqqında qələmə alınan dövri mətbuat nümunələri sərgilənir.
"Maqsud İbrahimbəyov nəsri: milli kolorit, milli xarakter" virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.