“Sea Breeze Walk of Fame” Şöhrət xiyabanı dünyaşöhrətli Azərbaycan bəstəkarı, XX əsrin görkəmli caz pianoçusu Vaqif Mustafazadənin (1940–1979) ulduzu ilə zənginləşib.

Martın 18-də Vaqif Mustafazadənin ulduzunun açılış mərasimində Xalq artisti Emin Ağalarovun müşayiəti ilə Xalq artisti Əzizə Mustafazadə və oğlu Ramiz Xan iştirak ediblər.

Mərasimi açan Vaqif Mustafazadənin qızı bildirib ki, atasının “18-ci” adlı bəstəsi var və onun dəfn günü də dekabrın 18-nə təsadüf edir. Musiqiçinin nəvəsi Ramiz Xan da ayın 18-də anadan olub.

“Günlərin möhtəşəm şəkildə üst-üstə düşməsidir, elə deyilmi? – deyə Əzizə Mustafazadə toplaşanlara müraciət edib. O əlavə edib: “Yaradana şükürlər olsun ki, bu gün də belə bir gözəl gündür. Böyük Vaqifi dəyərləndirən hər kəsə təşəkkür edirəm. İndi onun ruhu şaddır. Buraya gələn hər kəsə minnətdaram. Onu sevən hər kəsə təşəkkür edirəm”.

Mərasimin qonaqları arasında mədəniyyət nazirinin müavini Murad Hüseynov, Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli, Xalq rəssamı, uzun illər Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru olmuş Ömər Eldarov, Xalq rəssamı Sakit Məmmədov, Xalq artisti, dirijor Teymur Göyçayev, Əməkdar artist, pianoçu və bəstəkar İsfar Sarabski və başqaları olublar.