Azərbaycan Dillər Universiteti (ADU) “Müasir dillər” proqramı üzrə dünyanın ən yaxşı 250 universitetinin siyahısına daxil olub.

ADU-dan bildirilib ki, martın 12-də “Quacquarelli Symonds” (QS) reytinq agentliyi fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin 2025-ci il üçün cədvəlini dərc edib. Azərbaycan universitetləri ümumilikdə 5 fənn sahəsində təmsil olunub və 100 pillə irəliləyib.

Qeyd edək ki, 2023-cü və 2024-cü illərdə ADU müasir dillər üzrə 301-340-cı yerləri tutduğu halda, bu il 100 pillə irəliləyərək 201-250-ci sıralarda yer alıb.

QS reytinqi 5 indikatoru (akademik nüfuz, işəgötürənlər arasında nüfuz, məqalə üzrə istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi) nəzərə alır.

“Müasir dillər” proqramı üzrə dünyanın ən yaxşı 250 universiteti arasında yer almaq böyük uğurdur. Bu münasibətlə keçirilən tədbirdə ADU-nun rektoru akademik Kamal Abdulla universitet əməkdaşlarını təbrik edib, bu uğurun universitet kollektivinin yüksək bilik və bacarıqlarının nəticəsi kimi qiymətləndirib: “ADU dünyanın nüfuzlu universitetləri arasında 201-250-ci yeri bölüşür. Müəllimlərimizin, akademik heyətimizin, tələbələrimizin elmi potensialı günü-gündən artır. Bu da özünü beynəlxalq səviyyədə göstərir”.

Rektorun müşaviri Coşqun Dadaşov QS reytinqlər cədvəlinin iş prinsipi haqqında məlumat verib. Qeyd olunub ki, QS reytinqi Beynəlxalq Reytinq Ekspert Qrupu (IREG) tərəfindən təsdiqlənir və dünyada ən nüfuzlu reytinqlərindən biri kimi qəbul edilir.

Beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribova QS reytinqlər cədvəlində qərarlaşan universitetlər, onların elmi göstəriciləri, ADU-nun beynəlxalq əlaqələrinin inkişafı istiqamətində atılan addımlar haqqında danışıb.

Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, Milli Məclisin deputatı Tamam Cəfərova, elmi işlər üzrə prorektor Həmidə Əliyeva, tədris işləri üzrə prorektor Şəfəq Şahməmmədova, ADU HİK-in sədri Misgər Məmmədov, rektorun sosial məsələlər üzrə müşaviri Ələdddin Əliyev, Biliyin qiymətləndirilməsi şöbəsinin müdiri Fatma Qurbanzadə, Strateji inkişaf və planlama şöbəsinin müdiri Röya Əliyeva, Linqvokulturologiya kafedrasının müdiri Vüsalə Ağabəyli, Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri Ülfət İbrahim ADU-nun QS reytinqlər cədvəlində əldə etdiyi yüksək göstəricidən söz açıblar.