Martın 12-də Nizami Kino Mərkəzində “Xocalı. Son toy…” sənədli-bədii filminin təqdimatı keçirilib.

Filmin layihə rəhbəri “Global Media Group”un idarə heyətinin sədri Elnur Abdullayev, ssenari müəllifi Niyam Şirinov, quruluşçu rejissoru Yusif Ələkbərzadədir. “Global Media Group” və “Report” informasiya agentliyinin birgə ərsəyə gətirdiyi ekran əsəri 33 il əvvəl Xocalıda yarımçıq qalmış bir toyun gerçək hekayəsindən bəhs edir.

“Report” informasiya agentliyinin rəhbəri, filmin prodüseri Fuad Hüseynəliyev ekran əsərinin ideyasının illər əvvəl çəkilmiş toy fotosuna əsaslandığını bildirərək deyib: "Süjet xətti illər sonra Xocalıya geri dönən həmin ailənin və o toydakı qonaqların yarımçıq qalmış məclisi davam etdirmələri üzərində qurulub. Xocalı işğal edilməmişdən əvvəl çəkilmiş toy şəkli cəmiyyət arasında geniş yayılmışdı. Biz həmin toyun bəyi və gəlini - Vasif Qafarov və Dürdanə Məmmədovanı tapdıq, onların yaşadıqları hadisələri dinlədik. O toy ənənəvi qaydada keçirilməmişdi, “Vağzalı” səslənməmişdi. Çünki ermənilərin növbəti hücumu yaxınlaşırdı. Biz qərara gəldik ki, Xocalı işğaldan azad edildikdən sonra toyun iştirakçılarını bir araya gətirək və bu mərasimi tamamlayaraq tarixdə bir iz buraxaq. O vaxt toyda musiqi ifa edən insanları da taparaq filmin bədii hissəsinə daxil etdik”.

Vasif Qafarov həyat yoldaşı Dürdanə Məmmədova ilə birlikdə filmin çəkilişlərinə əvvəlcə tərəddüdlə yanaşdıqlarını diqqətə çatdıraraq bildirib: “1992-ci il yanvarın 18-də vəziyyət artıq çətin idi. Atam demişdi ki, bu toyu edək, bəlkə insanların içindəki qəm-qüssə azalar. Günorta başlayan toy erməni hücumuna görə yarımçıq qaldı. Filmin çəkiləcəyini eşidəndə əvvəlcə qəbul etmək istəmədik, lakin sonra düşündük ki, bu, Xocalının səsi ola bilər. Çəkilişlər zamanı həm sevinc, həm də kədər hiss etdik. Sanki o günlərə qayıtdıq”.

Filmdə rol alan əsas aktyorlardan biri, “Report” İnformasiya Agentliyinin əməkdaşı Tuncay Türbəndəzadə öz hisslərini belə ifadə edib: “Bu ekran işində rol almağım qürurvericidir. Xocalı bizim qan yaddaşımızdır. Çəkilişlər 10-12 saat davam edirdi. Yorulsaq da, nəticənin uğurlu olacağına inanırdıq. Filmin real kadrları Xocalıda, bədii hissəsi isə Ağsuda lentə alınıb. Canlandırdığım obrazın gerçək həyatda mövcudluğu, onun hadisələrin şahidi olması mənim üçün böyük məsuliyyət idi”.