8 mart dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. 1910-cu ilin bu günündə Kopenhagendə (Danimarka) sosialist qadınların beynəlxalq konfransında Klara Setkinin təklifi ilə 8 martın qadınların həmrəyliyi günü kimi qeyd edilməsi qərara alınıb. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə, Danimarkada, iki il sonra Rusiyada qeyd olunub. 1966-cı ildə 8 mart SSRİ-də istirahət günü elan edilib. 1977-ci ildə BMT tərəfindən beynəlxalq günlər sırasına daxil edilib. Bu əlamətdar gün ölkəmizdə də geniş şəkildə qeyd olunur.
Bakı Kitab Mərkəzində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş musiqili poeziya gecəsi keçirilib.
Tədbirdə çıxış edən mərkəzin direktoru Günel Rzayeva bayram münasibətilə xanımlara təbriklərini çatdırıb.
Gecədə Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən həyata keçirilən “Gənclərə dəstək” layihəsinin iştirakçıları – Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblı kollektivinin solistləri, gənc pianoçular və vokalçılar çıxış ediblər.
Cahangir Cahangirov adına Xorun kollektivi, Əməkdar artist, pianoçu Nərgiz Əliyeva və pianoçu Vüsal Aydəmirov, beynəlxalq müsabiqələr laureatlarının da çıxışları alqışlarla qarşılanıb.
Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.
Bədii qiraətçi Hüseynağa Aslanovun rəhbərliyi ilə keçirilən gecəyə qadınlara ünvanlanan şeirlər də bəzək verib.
Tədbirin sonunda ötən ilin dekabrında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan Milli Qəhrəman Hökümə Əliyevaya həsr edilmiş mahnı da səsləndirilib.