Kino dünyasının böyük maraqla gözlədiyi mərasim – Amerika Kino Akademiyasının sayca 97-ci “Oskar” mükafatlarının təqdimatı martın 2-də (Bakı vaxtilə 3 mart) Los-Ancelesdəki “Dolby” Teatrında gerçəkləşib.

“Oskar 2025” gecəsində ən çox sevinən “Anora” filminin komandası olub. Amerikalı rejissor Şon Beykerin 2024-cü ildə çəkdiyi film 6 nominasiyada “Oskar”a iddiaçı idi və nəticədə 5 heykəlcik qazanıb.

Nyu-Yorkda amerikalı (amma rus əsilli) striptiz rəqqasəsi Anoranın rus oliqarxın oğlu İvan Zaxarovla qısa sürən sevgi macərasından bəhs edən komediya-dram janrında ekran əsəri “Ən yaxşı film”, “Ən yaxşı rejissor” (Şon Beyker), “Ən yaxşı aktrisa” (Mayki Medison), “Ən yaxşı orijinal ssenari” (Şon Beyker) və “Ən yaxşı montaj” nominasiyalarında “Oskar”a layiq görülüb.

“Oskar 2025”in əsas favoritlərindən sayılan “Brutalist” filmi (rejissor Brady Corbet) 10 nominasiyada mükafata təqdim edilsə də, cəmi 3 nominasiyada qalib olub: “Ən yaxşı aktyor” – Adrien Broudi;  “Ən yaxşı musiqi” və “Ən yaxşı operator işi”. İkinci Dünya müharibəsindən sonra xoşbəxtlik axtarmaq üçün Macarıstandan Amerikaya mühacirət edən yəhudi memarın həyatından bəhs edən bu film yanvar ayında “Qızıl qlobus”un (“Oskar”dan sonra ikinci nüfuzlu mükafat) qalibi olmuşdu.

Digər nominasiyalara gəlincə, “Ən yaxşı xarici film” (ingilis dilində olmayan) kimi Braziliya rejissoru Valter Sallesin “Mən hələ də buradayam” filmi mükafatlandırılıb.

Fransız rejissor Jak Odiarın “Emiliya Peres” filmində çəkilən Zoi Saldana “Ən yaxşı ikinci dərəcəli aktrisa”, Kiran Kalkin “Əsl ağrı” filmindəki (rejissor Jesse Eisenberg) oyununa görə “Ən yaxşı ikinci dərəcəli aktyor” seçilib.

“Emiliya Peres” filmi “Ən yaxşı film mahnısı” nominasiyasında da təltif olunub.

“Ən yaxşı uyğunlaşdırılmış ssenari” nominasiyası üzrə Piter Stroxan (“Konklav” filmi), “Ən yaxşı sənədli film” kimi “Başqa torpaq yoxdur” (Fələstin-Norveç), “Ən yaxşı animasiya filmi” kimi “Axın” (Latviya) “Oskar” heykəlciyi qazanıb.

97-ci “Oskar” gecəsində ümumilikdə 23 nominasiya üzrə mükafatlar qaliblərini tapıb.

V.Orxan