İtaliyanın Florensiya şəhərində 21-23 fevral tarixlərində keçirilən “TourismA” beynəlxalq sərgisində Azərbaycanın arxeoloji və mədəni turizm imkanları tanıdılıb.

Sərgidə Dövlət Turizm Agentliyinin təşkilatçılığı və ölkəmizin İtaliyadakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində tarixi və arxeoloji abidələrimiz barədə təqdimatlar edilib, ziyarətçilərə beynəlxalq əməkdaşlıq imkanları və arxeoloji irsin turizm məhsulu kimi inkişaf etdirilməsi istiqamətində görülən işlər haqqında məlumat verilib. Təqdimatlarda italyan arxeoloqu Nikola Laneri Azərbaycanın ən qədim arxeoloji abidələrindən olan “Tava Təpə” yaşayış məskəninin tarixi əhəmiyyətindən bəhs edib.

Sərgi çərçivəsində Dövlət Turizm Agentliyi arxeoloji irsin turizmə cəlbediciliyini artırmaq və bu sahədə yeni turizm marşrutları formalaşdırmaq məqsədilə bir sıra B2B görüşlər keçirilib, turizm şirkətləri, arxeoloji turlar üzrə ixtisaslaşmış turoperatorlar, elmi və mədəni təşkilatlarla əməkdaşlıq imkanları müzakirə olunub.

Sərgidə dünyanın müxtəlif ölkələrindən turizm sahəsində ixtisaslaşmış təşkilatlar, o cümlədən turizm şirkətləri, arxeoparklar, muzeylər, elmi tədqiqat institutları iştirak edib.