Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayı, Xəzər Rayon Gənclər və İdman İdarəsi və 8 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan tədbir keçirilib.
İlk olaraq 8 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi və Mədəniyyət sarayının gənc rəssamlarının Xocalı faciəsinə həsr olunan rəsmlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Xocalı soyqırımı haqqında məlumat verilib. Bildirilib ki, Xocalı soyqırımında cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində 613 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi hələ də məlum deyil.
Daha sonra II Qarabağ müharibəsinin şəhidi Tural Abdullayevin atası, Xocalı faciəsinin canlı şahidi olan Şakir Abdullayevin müsahibəsinin videoyazısı nümayiş olunub.
Sonda Xocalı faciəsinə həsr olunan “Ümid işığı” bədii filmi nümayiş etdirilib. Xəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən gənc rəssamlara hədiyyələr təqdim edilib.