Xəbər verdiyimiz kimi, fevralın 13-dən 23-dək Almaniya paytaxtında dünyanın ən nüfuzlu kino müsabiqələrindən biri – 75-ci Berlin Beynəlxalq Film Festivalı (Berlinale) keçirilib.
Festivalın əsas müsabiqə proqramında baş mükafat – “Qızıl ayı”uğrunda 19 film yarışıb.
Amerikalı kinorejissor Todd Haynsın başçılıq etdiyi jürinin qərarı ilə 75-ci Berlinalenin əsas mükafatı norveçli rejissor Dag Johan Haugerudun “Arzular” ("Drømmer") filminə verilib. Ekran əsəri yeni müəlliminə aşiq olan tələbə haqqında kinohekayətdir. Onu qeyd etməyə dəyər ki, norveçli rejissorun filmi festival öncəsi favoritlər sırasında yer almamışdı.
“Ən yaxşı rejissor” nominasiyasında “Gümüş ayı” mükafatını Çin təmsilçisi Huo Menq “Torpaqda yaşamaq” (“Living the Land”) filmi ilə qazanıb.
Daha bir “Gümüş ayı” – “Jüri Qran-prisi” braziliyalı rejissor Qabriel Maskaronun “Mavi cığır” (“The Blue Trail”) filminə verilib.
Münsiflər heyətinin kiçik “Gümüş ayı” mükafatına Argentina rejissoru İvan Fondu layiq görülüb. Onun “Mesaj” (“El mensaje”) filmi heyvanlarla danışmaq istəyən qız haqqında ağ-qara kinolentdir.
“Ən yaxşı baş rol” nominasiyasında “Gümüş ayı” mükafatını avstraliyalı aktrisa Rouz Birn (Rose Byrne) “Ayaqlarım olsaydı, səni təpikləyərdim” filmindəki (ABŞ) ifasına görə qazanıb.
“İkinci planda ən yaxşı rol” nominasiyasında mükafata isə irlandiyalı aktyor Endrü Skott “Mavi ay” (“Blue Moon”, ABŞ, İrlandiya) filmindəki oyununa görə layiq görülüb.
Builki Berlinale sənət və siyasətin kəsişməsindəki filmlərlə diqqət çəkib. Festivalın bədii rəhbəri Trisia Tutle bununla aktual qlobal məsələləri əks etdirmək istədiklərini vurğulayıb.
Berlinale, həmçinin Avropa Film Bazarı (EFM) vasitəsilə müstəqil filmlərin alqı-satqısı üçün mühüm platforma rolunu oynayır və yeni istedadların üzə çıxmasına töhfə verir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Kino Agentliyi – ARKA da festivalda öz pavilyonu ilə təmsil olunub.
Vüqar Orxan