14 fevral tarixi dünyanın bir çox ölkələrində Beynəlxalq Kitab Bağışlama Günü (“International Book Giving Day”) kimi qeyd edilir. Bu təşəbbüs ilk dəfə 2012-ci ildə ABŞ-da tanınmış uşaq kitabı saytı – “Delightful Children’s Books”un yaradıcısı Emmi Brodmur tərəfindən irəli sürülüb.
Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi günün olmadığını soruşub...
Ötən müddətdə sosial şəbəkələr vasitəsilə dünyada geniş dəstək qazanan bu təşəbbüs uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirən bir günə çevrilib. Hər il minlərlə həm oxunmuş, həm də yeni kitab dünyanın bütün istiqamətlərinə yola düşür və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.
Ölkəmizdə də bu əlamətdar gün bir sıra tədbirlərlə qeyd edilir.
***
Milli Kitabxanada “14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.
Kitabxanadan bildirilib ki, virtual sərgidə intellektual inkişaf və yüksək bədii zövqün formalaşmasında kitabın rolu, uşaqlar və mütaliə, kitab bayramları, oxu mədəniyyəti, söz, kitab, mütaliə, kitabxana və s. haqqında dövri mətbuatda çap olunan məqalələr, Azərbaycan və xarici dillərdə kitablar nümayiş etdirilir.
Virtual sərgi ilə linki vasitəsilə tanış ola bilərsiniz.
Milli Kitabxanada “14 fevral – Beynəlxalq kitab bağışlama günü” ilə əlaqədar tədbir də keçirilib. Paytaxtın K.Kərimov adına 8 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdləri və müəllimləri Milli Kitabxananın qonağı olublar.
Sonda məktəblilərə əlamətdar gün münasibətilə Milli Kitabxananın direktoru Kərim Tahirov tərəfindən kitablar hədiyyə edilib.
***
Respublika Gənclər Kitabxanasında isə əlamətdar günlə əlaqədar “Sözü oxucuya qovuşduran sənət bayramı” adlı virtual kitab sərgisi hazırlanıb.
Sərgidə mütaliənin şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində olan əvəzsiz rolundan bəhs edilib.
Materialda kitabxanada təşkil edilən kitab təqdimatları, ekskursiyalar, aksiya və görüşlərdən fotogörüntülər, yeniyetmə və gənclər arasında kitaba marağın artırılması məqsədilə həyata keçirilən tədbirlər haqqında məlumat verilib. Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə “Ulu öndər Heydər Əliyevin kitab və kitab nəşri haqqında müdrik fikirləri”, “Ümumi kitab tarixi”, “Azərbaycanda kitab mədəniyyəti”, “Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi”, “Kitab işinin tarixi”, “Kitabşünaslıq: nəşriyyat işinin əsasları və təşkili”, “Türk xalqlarının kitab və kitabxana mədəniyyəti” kimi 20-yə yaxın kitabın biblioqrafik təsviri və qısa annotasiyası ilə yanaşı, dövri mətbuat nümunələri də sərgilənib.
Material kitabxananın rəsmi saytında (https://ryl.az/multimedia/sozu-oxucuya-qovusduran-senet-bayrami) yerləşdirilib.
***
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının da əlamətdar gündə qonaqları olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Nərimanov rayon Sosial Xidmət Mərkəzinin, 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin və Hövsan qəsəbəsi 172 saylı orta məktəbin uşaqları kitabxananı ziyarət ediblər.
Uşaqların iştirakı ilə “14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü”nə həsr olunmuş tədbir, uşaq yazarları Zahirə Cabir və Nailə Həsənzadə ilə görüş keçirilib.
Kitabxana əməkdaşlarının təqdimatında “Cırtdan” və “Alma” nağıl-tamaşaları təqdim edilib.
Sonda kitabxana tərəfindən uşaqlara kitablar hədiyyə edilib.