
Prezident İlham Əliyev fevralın 11-də Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, planda nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirəcək.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Xatırladaq ki, dövlətimizin başçısının 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib.
“Konstitusiya və Suverenlik İli” ilə bağlı Tədbirlər Planı ümumilikdə 18 bənddən ibarətdir.
Bu sıraya Azərbaycan Respublikasının Dövlət Suverenliyi Gününün (20 sentyabr) və Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun (12 noyabr 1995-ci il) 30 illiyi ilə əlaqədar yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi; “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda silsilə tədbirlərin təşkili; “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş forumların, konfransların, simpoziumların, dəyirmi masaların, seminarların, müsabiqələrin, müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, vətənpərvərlik mahnılarının (marşların) yazılması, beynəlxalq turizm sərgilərində Azərbaycan milli stendində “Konstitusiya və Suverenlik İli” haqqında məlumatların təqdim edilməsi; Azərbaycan diaspor təşkilatları, koordinasiya şuraları, Azərbaycan Evləri və həftəsonu məktəbləri tərəfindən “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbirlərin keçirilməsi; “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Azərbaycan Respublikasında adsız zirvələrə, Bakı şəhərində və digər böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə, metro stansiyalarına yeni adların verilməsi; Mediada sənədli filmlərin, verilişlərin, videoçarxların və digər materialların yayılması və s. bəndlər daxildir.
Ayrı-ayrı tədbirlərin icraçı qurumları arasında Mədəniyyət Nazirliyi də var.