Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru arasında görüş keçirilib.

Ali təhsil ocağında gerçəkləşən görüşdə iki ölkənin bakalavr, magistr və doktorantura səviyyələri üzrə qardaş ölkələrə həsr olunmuş mövzularda dissertasiyaların və elmi layihələrin yazılması, tələbə mübadiləsi, birgə kitabların nəşri ilə bağlı irəli sürülən təkliflər universitetin rəhbərliyi tərəfindən müsbət qarşılanıb.

Görüşdə çıxış edən universitetin rektoru Gülçöhrə Rixsiyeva iki qurum arasında çoxillik səmərəli əməkdaşlıqdan, Özbəkistan ilə Azərbaycanın münasibətlərinin ildən-ilə möhkəmləndirilməsi istiqamətində həyata keçirilən birgə layihələrdən danışıb.

Özbək tələbələrin Azərbaycan mədəniyyətinə və ədəbiyyatına marağından söhbət açan rektor universitetdə Azərbaycan dilinin tədrisinin uğurla davam etdirildiyini vurğulayıb.

AMM-in direktoru Akif Marifli qeyd edib ki, Azərbaycan dili təkcə ünsiyyət vasitəsi kimi deyil, həm də Azərbaycan xalqının mədəni və tarixi irsinin daşıyıcısıdır. O, Mədəniyyət Mərkəzinin bu layihəni davam etdirməyə, universitetdə yaradılmış Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzini daim müxtəlif zəruri nəşrlərlə təmin etməyə hazır olduğunu bildirib.