Bu il AMEA Memarlıq və İncəsənət İnstitutunun İncəsənətin qarşılıqlı əlaqələri şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Afaq Hüseynovanın anadan olmasının 70 illik yubileyidir.
Afaq Böyükağa qızı Hüseynova 8 yanvar 1955-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Bakı Xoreoqrafiya Məktəbinin xalq rəqsləri ansamblının artisti ixtisasını, 1980-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Dekorativ-tətbiqi sənət fakültəsini bitirib.
Afaq Hüseynova 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır. 2013-cü ildə “Azərbaycanın balet tamaşalarında incəsənətin sintez problemi” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. “Azərbaycan rəqsinin təkamülü” (2019), “Azərbaycan balet tamaşası: genezis və sənətlərin sintezi” (2020), “Tahir Tahirov. Sənətkarın ömrü” (2021) kitablarının müəllifi olan Afaq xanım “Azərbaycan milli rəqsinin genezisi” adlı kitabını nəşrə təqdim edib. O, hazırda “Orta əsr Şərq miniatüründə və Qacar dövrü incəsənətində rəqs geyimləri və atributları” mövzusunda elmlər doktorluğu dissertasiyasını tamamlamaq üzrədir. Alimin respublika və beynəlxalq əhəmiyyətli elmi jurnallarda 40-dan çox məqaləsi dərc olunub.
Sənətşünas Afaq Hüseynova uzun illərdir ki, elmi fəaliyyətlə bərabər ictimai işlərdə də aktiv iştirak edir. 1999-cu ildən “Yaradıcı Qadınlar” İctimai Birliyinin sədri kimi Bakıda və respublikanın müxtəlif bölgələrində həyata keçirilən layihələrə rəhbərlik edir. O, həmçinin 5 sənədli və 7 qısa filmin müəllifidir.
Afaq Hüseynova xoreoqraf, rəqqas, rəssam kimi də fəaliyyət göstərib. “Spartak” Cəmiyyətində bədii gimnastikanın idman ustalarının xoreoqrafı kimi çalışıb, “Azkonsert”in solisti qismində Azərbaycan və xarici tamaşaçıların qarşısında milli rəqslərimizi ifa edib. Milli rəqslərimizin mahir ifaçısı, Xalq artisti Roza Cəlilovanın rəhbəriyi ilə “Gülüstan” rəqs ansamblının solisti kimi Amerika, Fransa, Türkiyə, Rusiya və digər ölkələrdə böyük ustalıqla Azərbaycan milli rəqslərinin təbliğinə töhfələr verib.
Afaq Hüseynova 1996–2008-ci illərdə “Qobustan” rəqs ansambılını yaradıb, onun bədii rəhbəri olub və xoreoqraf kimi fəaliyyət göstərib. “Dilşadı”, “Mirzəyi-vağzalı”, “Qıd-qıdı” və s. maraqlı rəqslərin müəllifidir.
Onun yaradıcılığı haqqında televiziya verilişləri hazırlanıb. 2001-ci ildə Azərbaycanın tanınmış kinorejissoru Nazim Rza Afaq Hüseynovanın rəssamlıq sənətinə həsr olunmuş “Od pərisi” adlı 40 dəqiqəlik sənədli film çəkib.
Afaq xanım 2013-cü ildə Beynəlxalq Muğam Simpoziumunda məruzə ilə çıxış edib, bununla yanaşı, Əbdülqadir Marağayinin “Naxışbəsti” musiqisinə öz rəqs quruluşunda Orta əsrin Azərbaycan rəqs geyimini nümayiş etdirib. Rəqslərdə təsviri verilən geyimlərin müəllifi olub, həm də xoreoqrafı kimi Afaq Hüseynova özü çıxış edib. O, həmçinin bir çox rəqs ansambllarının bədii rəhbəri olub.
Afaq Hüseynova 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1976-cı ildən respublika və beynəlxalq sərgilərdə iştirak edib. Afaq xanımın rəssam kimi də zəngin yaradıcılıq fəaliyyəti ictimaiyyətə bəllidir. Onun rəsm əsərləri Azərbaycan Milli Xalça Muzeyində, Londonda Viktoriya və Albert Muzeyində, Danimarkanın Odensa şəhərinin bələdiyyə muzeyində, Moskvadakı Şərq Xalqları İncəsənəti Muzeyində, eləcə də Amerika, Fransa, İngiltərə, Almaniya, Türkiyə və Rusiyada şəxsi kolleksiyalarda saxlanılır. 1976-2000-ci illərdə Afaq Hüseynova rəssam kimi Azərbaycanda, Almaniya, Portuqaliya, Monqolustan və başqa ölkələrdə sərgilərdə iştirak edib. Bakıda və Türkiyənin Antalya şəhərində fərdi sərgiləri keçirilib.
Afaq Hüseynova 1999-ci ildə Yaradıcı Qadınlar Assosiasiyasını yaradıb. O, iyirmi il ərzində qaçqın və kimsəsiz uşaqlarla, əlillərlə, aztəminatlı insanlarla bağlı uğurlu layihələr reallaşdırıb. Yaradıcı Qadınlar Assosiasiyası 2000-ci ildən QHT Forumunun üzvüdür. 2001-ci ildən bu assosiasiyasının sədri olaraq Afaq xanım QHT Forumunda Təftiş komissiyasının üzvüdür.
Yanvarın 21-də Afaq Hüseynovanın 70 illik yubileyi ilə bağlı Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “İn-Yan arasında” yubiley retrospektiv sərgisi keçirilib. Sərgidə rəssamın dərin fəlsəfi fikir formalaşdıran keramika, rəngkarlıq, qrafika üslubunda Nizami Gəncəvi dünyası, insanların bir-biri ilə əlaqəsi, məhəbbət, insanın kosmosla əlaqəsi, balet və insanların maskaları, şamdanlar-nar, Qobustanın rəqs edən kişiləri və s. mövzularda əsərləri yer alıb.
Afaq Hüseynova AMEA Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Rəssamlar İttifaqı və bir sıra xarici təşkilatların sertifikat və diplomları ilə təltif olunub.
Sənətşünas-alim, rəssam, xoreoqraf Afaq Hüseynovanı 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.
Rəfiqə Ağakişiyeva
AMEA Memarlıq və İncəsənət İnstitutu İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri