Milli Kitabxanada görkəmli Azərbaycan bəstəkarı, müğənni və ictimai xadim, Xalq artisti Polad Bülbüloğlunun anadan olmasının 80 illiyi münasibətilə “Xalq artisti Polad Bülbüloğlu” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan bildirilib ki, ənənəvi sərgidə rəsmi sənədlər, bəstəkarın musiqi notları, qramplastinkalar, həyat və yaradıcılığı, mədəniyyətin inkişafında böyük xidmətləri və səmərəli ictimai-siyasi fəaliyyəti haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.

Virtual sərgidə isə rəsmi sənədlər, fotolar, beynəlxalq mükafatlar və fəxri adlar, Rusiya Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində bürünc heykəlinin təntənəli təqdimat mərasimi, Şuşada keçirilən “Xarıbülbül” festivalı və “Vaqif poeziya günləri”, Bülbülün ev-muzeyinin bərpası və sair haqqında dövri mətbuatda çap olunan məqalələr, Milli Kitabxananın fondunda mühafizə olunan bəstəkarın bəstələdiyi musiqi notları, həyat və yaradıcılığına, ictimai-siyasi fəaliyyətinə həsr olunmuş Azərbaycan və xarici dillərində ədəbiyyatlar nümayiş etdirilir.

Virtual sərgi ilə https://anl.az/el/vsb/Polad_Bulbuloglu/index.htm linkindən istifadə edərək tanış olmaq mümkündür.

Sərgi bir həftə davam edəcək.

***

Polad Bülbüloğlunun 80 illik yubileyi münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında elektron məlumat bazası hazırlanıb. Bazada bəstəkarın zəngin mədəni, ictimai və siyasi fəaliyyətindən bəhs edilir.

Bazada Xalq artistinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilir, müəllifi olduğu musiqi əsərləri və mahnıların siyahısı təqdim olunur. Elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Dünyaşöhrətli müğənni”, “Polad Bülbüloğlu: şəxsiyyətin və sənətin cazibəsi” kimi bölmələrlə yanaşı, onun Azərbaycan mədəniyyətinə verdiyi töhfələr və uzunmüddətli ictimai-siyasi fəaliyyəti ilə bağlı ona təqdim olunan mükafatlar və fəxri adlar, eləcə də görkəmli şəxslərin onun haqqında söylədiyi dəyərli fikirlər yer alır.

Kitabxana əməkdaşlarının hazırladığı bazada bəstəkarın “Eşq və ölüm” baleti haqqında məlumat verilir, Polad Bülbüloğlunun müəllifi olduğu və onun haqqında qələmə alınan kitabların, dövrü mətbuat nümunələrinin, keçirdiyi səfər və görüşlərin, çıxışların, müsahibə, müraciət və şərhlərin, təqdimatların, eləcə də onun musiqiləri əsasında hazırlanan tamaşaların siyahıları təqdim edilir.

Bundan əlavə məlumat bazasında “Dissertasiya və avtoreferatlar”, “İzonəşrlər”, “İzomateriallar”, “Filmoqrafiya”, “Video və fotoqaleraya” kimi bölmələr də yer alır.

Kitabxana tərəfindən Xalq artisti Polad Bülbüloğlunun 80 illik yubileyi ilə əlaqədar hazırlanan, görkəmli bəstəkarın həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti ilə bağlı maraqlı məlumatlar, Polad Bülbüloğlunun səs yazıları, ifaları ilə zəngin olan geniş videomaterial https://ryl.az/multimedia/polad-bulbuloglu-80 da elektron bazanın ilk səhifəsində yerləşdirilib. Videomaterialda Prezident İlham Əliyevin Polad Bülbüloğlunu təltif etdiyi ən ali mükafat - “Heydər Əliyev” ordeninin təqdimetmə mərasimindən görüntülər, Xalq artistinin Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələri sərgilənir, Azərbaycan mədəniyyəti, incəsənəti, musiqisinə verdiyi əvəzsiz töhfələrə dair məlumatlar təqdim olunur.

Elektron məlumat bazası ilə kitabxananın saytında bu linkdə tanış olmaq olar: https://ryl.az/melumat-bazalari/Polad_Bulbuloglu_el_melumat_bazasi/index.html