Bu gün Xalq artisti, görkəmli müğənni, bəstəkar, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun anadan olmasının 80 illiyi tamam olur.

Sənətkar yubileyi ərəfəsində, 3 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb. Xalq artisti ölkəmizin ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Xatırladaq ki, Polad Bülbüloğlu bundan əvvəl Azərbaycan Respublikasının “İstiqlal” (2005), “Şərəf” (2015), 2-ci dərəcəli “Vətənə xidmətə görə” (2019) və “Heydər Əliyev” (2020) ordenlərinə layiq görülüb. Müğənni eyni zamanda bir sıra ölkələrin yüksək təltifləri ilə mükafatlandırılıb.

Qeyd edək ki, Polad Bülbüloğlu 1988–2006-cı illərdə Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsində çalışıb. 2006–2024-cü illərdə ölkəmizin Rusiya Federasiyasında səfiri olub. O, həmçinin 1994–2007-ci illərdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş katibi işləyib. I çağırış (1995-2000) Milli Məclisin deputatı olmuş Polad Bülbüloğlu 2024-cü ildə yenidən (VII çağırış) parlamentə üzv seçilib.

Görkəmli mədəniyyət xadimini 80 illik yubileyi və yüksək dövlət təltifi münasibətilə təbrik edir, möhkəm cansağlığı və tükənməz yaradıcılıq enerjisi ilə musiqi sənətimizi yeni-yeni əsərlərlə zənginləşdirməsini, sənətsevərlərin zövqünü oxşamasını arzulayırıq.