Lənkəran Dövlət Dram Teatrının, şəhərdəki Heydər Əliyev Mərkəzinın və Gənclərin Karyera və İnkişaf Mərkəzi (GKİM) regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə Əməkdar artist Təvəkkül Əliyevin (1951–2017) xatirə gecəsi keçirilib.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə uzun illər Lənkəran teatrının səhnəsində yaddaqalan obrazlar yaratmış aktyorun həyat və yaradıcılığını əks etdirən sərgi də təşkil olunub.

Tədbirin aparıcısı Lənkəran teatrının aktrisası, Prezident mükafatçısı Aynur Əhmədova iştirakçıları salamlayıb.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova mərhum aktyorun yaradıcılığı haqqında fikirlərini bölüşüb. Mərkəzin rəsm studiyasında çəkilmiş Təvəkkül Əliyevin portreti sənətkarın həyat yoldaşı Xalq artisti Böyükxanım Əliyevaya təqdim edilib.

Lənkəran Dövlət Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi Laləzər Hüseynova, GKİM-in Lənkəran-Astara regional nümayəndəliyinin rəhbəri Famil Məmmədov, Xalq artisti Qabil Quliyev, aktyorlardan Allahverən Babayev, Əbülfəz Axundov, Qızılgül Quliyeva, şair Ziyafət Əkbərov, musiqişünas-pedaqoq Fikrət Kərimli çıxış edərək Təvəkkül Əliyevin sənət yolu, səhnədəki unudulmaz obrazları, peşəkarlığı və teatr aləmindəki xidmətləri haqqında söz açıblar.

Sonda sənətkarın ailə üzvləri onunla bağlı xatirələrini bölüşüb və tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.