Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ Zəfərinin dördüncü ildönümü münasibətilə İstanbuldakı Süreyya Opera Teatrında Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Yalçın Adıgözəlovun dirijorluğu ilə “Dədə Qorqud” kamera orkestrinin konserti olub.
Konsert Türkiyənin məşhur fleyta ifaçısı, UNICEF-in xoşməramlı elçisi Şəfiqə Kutluerin təşəbbüskarı olduğu ənənəvi “Şərq Qərblə görüşür” festivalı çərçivəsində təqdim edilib. Sayca 15-ci festival “Dədə Qorqud” orkestrinin konserti ilə başlayıb. Solist Şəfiqə Kutluer olub.
“Dədə Qorqud” kamera orkestrinin ifasında Azərbaycanın tarixi Zəfərinə həsr edilmiş növbəti konsert Türkiyə paytaxtında – Ankaradakı “CSO Ada” mərkəzində keçirilib.
Orkestrin ifasında Azərbaycan, Türkiyə və Avropa klassik musiqisindən ibarət proqram alqışlarla qarşılanıb.
Şəfiqə Kutluer jurnalistlərə açıqlamasında konsertin təşkilinə verdiyi dəstəyə görə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinə, eləcə də Mədəniyyətlərarası Əlaqələr Cəmiyyətinə (rəhbəri Nərgiz Attar) təşəkkürünü ifadə edib.
Yaradıcılığı ilə Türkiyə-Azərbaycan qardaşlığına töhfə vermək istədiyini deyən musiqiçi onun təşəbbüsü ilə keçirilən beynəlxalq festivalın Azərbaycanda, Şuşada baş tutacağına da ümid etdiyini bildirib.
Xalq artisti Yalçın Adıgözəlov bildirib ki, “Dədə Qorqud” kamera orkestri ilk dəfə Türkiyədə qastrol səfərindədir: “Şadıq ki, Ankarada “CSO Ada”nın yeni səhnəsinə çıxmaq bizə nəsib oldu. Qardaş ölkədə çıxış etmək Azərbaycanın Qələbəsinə həsr olunduğu üçün üzərimizə xüsusi məsuliyyət qoydu. Hər yerdə bizi gurultulu alqışlarla qarşıladılar”.