Rusiyanın Sankt-Peterburq şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidəsinin qoyulması üzrə işlər davam etdirilir. Musiqiçinin anadan olmasının 140 illiyinin qeyd olunacağı 2025-ci ilin sentyabrında heykəlin açılışı planlaşdırılır.

Bakıda isə böyük rus bəstəkarı Dmitri Şostakoviçin abidəsinin ucaldılması nəzərdə tutulur. Hazırda onun üçün yer müəyyənləşdirilir.

Bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevin Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov ilə görüşündə söhbət açılıb.

Sankt-Peterburq Administrasiyasının yaydığı məlumata görə, qubernator azərbaycanlı diplomatı yeni təyinatı münasibətilə təbrik edərək bildirib ki, Rusiya-Azərbaycan əməkdaşlığının geniş spektri Sankt-Peterburqla ölkəmiz arasında əlaqələrdə də özünü göstərir. O, bu ilin aprel ayında Sankt-Peterburqun mədəniyyət və işgüzar dairələrin nümayəndə heyətinin Azərbaycana səfərindən bəhs edib. Bildirib ki, səfər zamanı Sankt-Peterburq və Azərbaycan arasında 2024–2028-ci illər üçün əməkdaşlığa dair Yol xəritəsi imzalanıb.

Rəhman Mustafayev də Sankt-Peterburqun Azərbaycan üçün prioritet regionlardan biri olduğunu, o cümlədən humanitar əlaqələrdə Rusiyanın mədəniyyət paytaxtı kimi Sankt-Peterburqun mühüm rolunu vurğulayıb.

Qeyd olunub ki, Azərbaycan və Sankt-Peterburq ənənəvi olaraq ali təhsil sahəsində də qarşılıqlı fəaliyyət göstərir. İki ölkə prezidentlərinin təşəbbüsü ilə Sankt-Peterburq Dövlət Universitetinin nümayəndəliyi və Azərbaycanın aparıcı universitetlərindən birinin bazasında Rusiya-Azərbaycan birgə universitetinin yaradılması nəzərdə tutulur.

Digər mühüm sahə gənclər siyasətidir. Şəhər rəhbəri Sankt-Peterburqun tətil günlərində Bakıdan gələn məktəbliləri qəbul etməyə hazır olduğunu vurğulayıb, ən yaxşı məzunları ənənəvi “Al yelkənlər” bayramına dəvət edib.

Diqqətə çatdırılıb ki, ötən il Bakıda “Sankt-Peterburq Teatr Fəsilləri” festivalı uğurla keçirilib. Bu ilin dekabrında azərbaycanlı sənətçilərin – Beynəlxalq Muğam Mərkəzi heyətinin Sankt-Peterburq Dövlət Akademik Kapellasında çıxışı gözlənilir.