
Azərbaycan
23 noyabr 1923 – Yazıçı, şair Əmrah Bala oğlu Əmrahov (1923–1988) Bakının Kürdəxanı kəndində anadan olub. Kitabları: “Ürək vətən üçün döyünəndə”, “Ulduzlar gecə parlar”, “Dağ bənövşəsi” və s.
23 noyabr 1927 – Tarixçi, şərqşünas, professor Əhməd Əhməd oğlu İsgəndərov (1927–2017) Bakının Mərdəkan kəndində doğulub. Moskvada yaşayıb, SSRİ EA-nın Ümumi Tarix İnstitutunda baş elmi işçi, direktor müavini, “Tarix məsələləri” jurnalının baş redaktoru işləyib. Rusiyanın Əməkdar elm xadimi, Rusiya EA-nın müxbir üzvü olub.
23 noyabr 1936 – Ədəbiyyatşünas, yazıçı-dramaturq, professor Aqşin Əlisəttar oğlu Babayev (1936 – 10.6.2020) Bakıda anadan olub. Türk ədəbiyyatına dair tədqiqatların, “Ayrılıq”, “Dünyanın axırı” və s. kitabların, tərcümələrin müəllifidir.
23 noyabr 1937 – Əməkdar artist Zemfira Nəriman qızı Quliyeva (1937 – 3.11.1997) Gəncə şəhərində anadan olub. 1963-cü ildən Musiqili Komediya Teatrında çalışıb.
23 noyabr 1948 – Dahi bəstəkar, publisist, pedaqoq, SSRİ Xalq artisti Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (18.9.1885 – 1948) vəfat edib. Azərbaycan professional musiqisinin banisi, müsəlman Şərqində ilk operanın, ilk musiqili komediyanın müəllifidir. Azərbaycan EA-nın akademiki olub.
23 noyabr 1999 – Xalq artisti, görkəmli teatr və kino aktrisası Leyla Ağalar qızı Bədirbəyli (8.1.1920 – 1999) vəfat edib. Dövlət mükafatı laureatı olub.
23 noyabr 2011 – Prezident İlham Əliyev tanınmış ictimai xadim, publisist, Əməkdar jurnalist Nəsrulla İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
24 noyabr 1906 – Ədəbiyyatşünas Əli Nazim (Ələkbər Mahmud oğlu Mahmudzadə; 1906 – 23.8.1941) Təbrizdə doğulub. Repressiya qurbanı olub.
24 noyabr 1922 – Əməkdar artist, vokalçı Rəhilə Muxtar qızı Cabbarova (1922 – 2.12.2002) Tiflisdə doğulub. Opera və Balet Teatrının solisti olub, Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.
24 noyabr 1924 – Əməkdar incəsənət xadimi, rəssam Vəcihə Əli qızı Səmədova (1924 – 24.10.1965) anadan olub. Tanınmış şəxsiyyətlərin portretlərinin, mənzərə və tematik tabloların müəllifidir.
24 noyabr 1934 – Azərbaycan Dövlət Teatr Muzeyinin açılışı keçirilib. Azərbaycan Dövlət Muzeyinin müvafiq şöbəsinin bazasında yaradılan muzeyə tanınmış teatr xadimi Ağakərim Şərifov direktor təyin olunmuşdu. 1935-ci ildə muzeyə böyük dramaturq Cəfər Cаbbаrlının adı verilib.
24 noyabr 1997 – Prezident Heydər Əliyev Aşıq Ələsgərin 175 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
24 noyabr 2015 – Prezident İlham Əliyev Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyi haqqında sərəncam imzalayıb. “Azərbaycan Ensiklopediyası” baş redaksiyası 1975-ci ildə yaradılmış, oncildlik “Azərbaycan Sovet Ensiklopediyası” 1976–1987-ci illərdə nəşr olunmuşdu.
24 noyabr 2001 – Əməkdar incəsənət xadimi, aktyor, sirk ustası Siyavuş Məmməd oğlu Şəfiyev (1.9.1937 – 2001) vəfat edib.
25 noyabr 1909 – Əməkdar artist Fateh Mirzə Möhsün oğlu Fətullayev (1909 – 4.5.1983) Lənkəranda anadan olub. Musiqili Komediya, Akademik Dram və digər teatrlarda çalışıb, “Ögey ana” (Arif), “Bir məhəlləli iki nəfər” və s. filmlərdə çəkilib.
25 noyabr 1913 – Memar, Əməkdar inşaatçı Nəsrulla Yaqub oğlu Kəngərli (1913–1991) anadan olub.
25 noyabr 1918 – Xalq yazıçısı, Dövlət mükafatı laureatı İmran Haşım oğlu Qasımov (1918 – 20.4.1981) Bakıda doğulub. “Uzaq sahillərdə” (H.Seyidbəyli ilə birgə) povesti, “Dairəni genişləndirin”, “Sən nə üçün yaşayırsan?” pyesləri və s. əsərlərin, kinossenarilərin (“İnsan məskən salır”, “Onun böyük ürəyi”) müəllifidir. Yazıçılar İttifaqının birinci katibi (1975–1981) olub.
25 noyabr 1935 – Əməkdar artist, xanəndə Qaraxan İmran oğlu Behbudov (1935 – 17.11.2020) Ağdam rayonunun Əfətli kəndində anadan olub.
25 noyabr 1961 – Xalq artisti, vokalçı Əli Rəhim oğlu Əsgərov (1961 – 23.2.2023) anadan olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, opera festivallarının laureatı, Bülbül adına Vokalçıların I Beynəlxalq Müsabiqəsinin (1997) Qran-pri mükafatçısı olub.
25 noyabr 1981 – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Nazirlər Soveti Hüseyn Cavidin ev-muzeyinin yaradılması haqqında qərar qəbul edib. Qərarın icrası uzun müddət ləngidi və ədibin 1920–1937-ci illərdə yaşadığı binadakı (hazırda AMEA Əlyazmalar İnstitutu) mənzilin muzeyə çevrilməsi 1995-ci ildə Prezident Heydər Əliyevin göstərişi ilə həllini tapdı.
25 noyabr 1994 – Xalq artisti Məhəmməd İsmayıl oğlu Burcəliyev (25.4.1914 – 1994) vəfat edib. Gəncə Dövlət Dram Teatrının aktyoru olub, teatrda direktor işləyib, tamaşalara quruluş verib. Filmlərdə çəkilib.
25 noyabr 2015 – Prezident İlham Əliyev tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.
25 noyabr 2016 – Prezident İlham Əliyev Azərbaycanda “Xalçaçı günü” peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 5 may “Xalçaçı günü” elan edilib.
26 noyabr 1927 – Dilçi-türkoloq, professor, Əməkdar elm xadimi Həsən İbrahim oğlu Mirzəyev (1927–2015) Qərbi Azərbaycanın (indiki Ermənistan) Dərələyəz mahalının Qovuşuq kəndində anadan olub.
26 noyabr 1928 – Əməkdar artist Müxlis Sabir oğlu Cənizadə (1928 – 11.12.1972) Bakıda anadan olub. Musiqili Komediya, Akademik Dram teatrlarında çalışıb. “Dəli Kür”, “Yenilməz batalyon” və s. filmlərdə çəkilib, filmlərin səsləndirilməsində iştirak edib.
26 noyabr 1937 – Şair, aşıq Mirzə Bilal Mustafa oğlu Mikayılov (1872–1937) repressiya edilərək güllələnib. Ağsu rayonunda Qəşəd kəndində anadan olub.
Dünya
23 noyabr 1875 – Rus yazıçısı, sənətşünas, publisist Anatoli Vasilyeviç Lunaçarski (1875-1933) anadan olub.
23 noyabr 1933 – Polyak bəstəkarı və dirijoru Kşiştof Pendereski (Krzysztof Penderecki; 1933 – 29.3.2020) anadan olub.
24 noyabr 1632 – Niderland filosofu, rasionalizm cərəyanının tanınmış nümayəndəsi Benedikt Spinoza (Benedictus de Spinoza; 1632–1677) anadan olub.
24 noyabr 1934 – Rusiya (alman əsilli) bəstəkarı, pianoçu və musiqi nəzəriyyəçisi Alfred Şnitke (1934–1998) anadan olub.
25 noyabr 1562 – İspan yazıçı-dramaturqu, şair Lope de Veqa (Felix Lope de Vega y Carpio; 1562–1635) anadan olub.
25 noyabr 1889 – Türk yazıçı-dramaturqu Rəşad Nuri Güntəkin (1889–1956) anadan olub. “Çalıquşu”, “Dodaqdan qəlbə”, “Yarpaq tökümü” və s. romanları əsasında populyar filmlər çəkilib.
26 noyabr 1857 – İsveçrəli dilçi alim, semiologiya və struktur linqvistikasının banisi Ferdinand de Sossyur (Ferdinand de Saussure; 1857–1913) anadan olub.
26 noyabr 1909 – Rumın dramaturqu, absurd teatrı estetik cərəyanının banisi Ejen İonesko (Eugene İonesco; 1909–1994) anadan olub. Pyesləri: “Daz müğənni”, “Dərs”, “Stullar”, “Təmənnasız qatil”, “Çamadanlı adam” və s.
26 noyabr 1939 – Amerika müğənnisi, aktrisa Tina Terner (Tina Turner – əsl adı Anna Mae Bullock; 1939 – 24.5.2023) anadan olub. Dəfələrlə “Qremmi” mükafatına layiq görülüb. Ömrünün son illərində İsveçrə vətəndaşlığı alaraq bu ölkədə yaşayıb.
Hazırladı: V.Orxan