COVİD-19 virusunun yaratdığı qlobal problemə və tətbiq edilən karantin rejiminə baxmayaraq, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) təhsilin davamlılığının təmin edilməsi məqsədilə məsafədən tədris sisteminə keçib. ATMU-da tədbirlər də onlayn keçirilir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə gənc tədqiqatçıların “Azərbaycan turizmi: bu günü və gələcəyi” mövzusunda VI Respublika konfransı onlayn şəkildə təşkil edilib.

ATMU-nun rektoru İlham Mədətov konfrans iştirakçılarını salamlayaraq turizmin inkişafı üçün aparılan məqsədyönlü siyasətdən danışıb. Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov Azərbaycanda turizmin maddi-texniki, həmçinin hüquqi bazasının formalaşması üçün atılan addımlar haqqında məlumat verib.

Konfransda Azərbaycan Turizm və Menecment, Azərbaycan Texniki, Bakı Biznes, Mingəçevir Dövlət universitetlərindən 45 magistr və bakalavr tələbənin məruzələri dinlənilib.

Sonda ATMU-nun Turizm biznesi kafedrasının müdiri Hafiz Hüseynov, dosent Çingiz Gülalıyev, baş müəllimlər Şəmsiyyə Tahirbəyova, Rəfiqə Ağasıyeva və Aynur Hüseynzadə konfransla bağlı fikirlərini bölüşüb və iştirakçılara tövsiyələrini veriblər.