Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfərli bayrağımız” mövzusunda elmi sessiya keçirilib.
Muzeyin direktoru akademik Rafael Hüseynov “Bütün gələcək zəfərlərə müqəddimə” mövzusunda məruzə ilə çıxış edib.
8 Noyabr (2020) Zəfərinə aparan tarixi yoldan bəhs edən akademik Zəfər bayramının Azərbaycan xalqının milli tarixində və yaddaşında xüsusi yer tutduğunu bildirib. Qeyd edib ki, tarixən xalqların həyatında müxtəlif bayramların mövcud olub, lakin onların bir qismi müəyyən siyasi dövrlərin təsiri ilə meydana gəlib və həmin dövrlərin sona çatması ilə öz əhəmiyyətini itirib. Xalqın tarixi ənənələrindən və milli mübarizəsindən qaynaqlanan bayramlar isə nəsildən-nəslə ötürülərək yaşayır.
Rafael Hüseynovun sözlərinə görə, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin əbədi təməli Ümummilli Lider Heydər Əliyevin uzaqgörən dövlətçilik strategiyası, ordu quruculuğu siyasəti və milli həmrəylik fəlsəfəsi ilə qoyulub. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Qələbəsinin əldə olunmasında mühüm rol oynayıb.
Muzey direktoru qeyd edib ki, 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə nəticələnən Zəfər Azərbaycan xalqının tarixində yeni mərhələnin başlanğıcı olub. O, bu Qələbənin yalnız 44 günlük Vətən müharibəsinin nəticəsi olmadığını, Azərbaycanın təxminən 200 il ərzində üzləşdiyi parçalanma, işğal və təzyiqlərə qarşı mübarizəsinin tarixi yekunu kimi qiymətləndirilməsinin önəminə diqqət çəkib. Alim 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə ölkəmizin suverenliyinin bütün ölkə ərazisində tam şəkildə bərpa olunmasının bu qələbəni tam və tarixi Zəfərə çevirdiyini vurğulayıb.
Rafael Hüseynov çıxışında Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən üzləşdiyi çətinliklərə, Ermənistanın təcavüzünə qarşı beynəlxalq müstəvidə aparılan mübarizəyə də toxunub. O, 2001-ci ildə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına üzv qəbul edilməsindən sonra Ermənistanın Azərbaycana qarşı təcavüzünün beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlərdən də bəhs edib. Bu baxımdan 2005-ci ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilmiş 1416 saylı qətnamənin əhəmiyyətini qeyd edərək, həmin sənədin Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm mərhələ olduğunu diqqətə çatdırıb.
Direktor bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə xalqın milli birliyini və özünəinamını daha da gücləndirib. Zəfər Azərbaycan vətəndaşlarının milli qürur və məğrurluq hissini yeni səviyyəyə yüksəldib.
Akademik Zəfər bayramı ilə Dövlət Bayrağı Günü arasında sıx tarixi və mənəvi bağlılığın olduğunu da vurğulayıb. Bildirib ki, Azərbaycanın üçrəngli bayrağı uzun illər işğal altında olan ərazilərimizdə dalğalana bilməyib. 2020-ci ildə Şuşada, 2023-cü ildə isə Xankəndidə dövlət Bayrağımızın ucaldılması Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının rəmzinə çevrilib. Bu baxımdan Zəfər bayramı və Dövlət Bayrağı Gününün bir-birini tamamlayan milli bayramlar olduğunu diqqətə çatdırıb.
Akademik Rafael Hüseynov çıxışının sonunda Azərbaycanın qazandığı Zəfərin gələcək nəsillər üçün də mühüm tarixi və mənəvi dəyər daşıyacağını vurğulayıb. O, xalqımızın milli birliyi və dövlət müstəqilliyini qorumasının vacibliyini qeyd edərək, Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” fikrini xatırladıb.






















