Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaca məşhur almaniyalı skripkaçı Devid Qarrett (David Garrett, əsl adı David Christian Bongartz) “Millennium Symphony – Crossover Programme” simfonik şousu ilə çıxış edib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri də konsertə baxıblar.
Devid Qarrett klassik musiqi ilə rok, pop və kino melodiyalarını birləşdirdiyi unikal proqramında Lüdviq van Bethovenin, Hans Zimmerin musiqisini, Maykl Cekson, “Nirvana” və “Rammstein” qrupları, həmçinin digər sənətçilərin repertuarından hitləri özünəməxsus tərzdə təqdim edib.
D.Qarrett səhnədə debütünü 10 yaşında edib. O, 13 yaşında nüfuzlu "Deutsche Grammophon" ilə müqavilə bağlayan ən gənc sənətçi olub. Zubin Mehta, Kristof Eşenbah, Rikkardo Şayi və Andres Orosko-Estrada kimi məşhur dirijorlarla çalışır.
Sənətçinin yaradıcılığında xüsusi yer tutan klassik "ICONIC" albomu Almaniyanın pop musiqi hit-paradında dördüncü pilləyə yüksələrək, klassik musiqi üçün müstəsna nailiyyətə imza atıb. Albom, eyni zamanda, “Golden Record” və “İlin bestselleri” nominasiyalarında “Opus-Klassik 2023” mükafatlarına layiq görülüb. Devid Qarrett bu klassik repertuarla beynəlxalq turneyə çıxaraq 5 qitədə 113 konsert verib.























