M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim edilib.

Bu barədə filarmoniyadan məlumat verilib.

Noyabrın 3-də BMA-nın konsert zalında təqdim olunan proqrama Zəfər ruhunu, xalqımızın vətənpərvərlik duyğularını, qəhrəmanlıq salnaməsini əks etdirən musiqi əsərləri daxil edilib.

Tədbirin açılışında BMA-nın prorektoru Əməkdar müəllim, professor Nərminə Quliyeva çıxış edərək konsertin əhəmiyyətindən, milli musiqi irsimizin təbliğindən və Zəfər Gününün xalqımızın tarixində, şan və şərəf salnaməsində müstəsna yerindən söz açıb.

Konsertdə Azərbaycan Dövlət Xor Kapellası (baş xormeyster: Xalq artisti Gülbacı İmanova) və Ü.Hacıbəyli adına BMA-nın Nəfəs və zərb alətləri orkestrinin (bədii rəhbər: Əməkdar incəsənət xadimi, dosent Rüfət Axundzadə; dirijor: Taleh Qəmbərov) ifasında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Musiqi nümunələri xalqımızın qəhrəmanlıq tarixini, Vətənə bağlılığını, milli qürurunu və Zəfər sevincini dolğun şəkildə ifadə edərək konsert proqramına xüsusi emosional və mənəvi məna qazandırıb.

Zəfər Günü konserti Azərbaycan Dövlət Akademik Filarmoniyasının 90 illik və Azərbaycan Dövlət Xor Kapellasının 60 illik yubileyləri çərçivəsində gerçəkləşib.