Respublika Uşaq Kitabxanasında paytaxtdakı 1 saylı Uşaq-gənclər inkişaf mərkəzi ilə birgə maarifləndirici tədbir keçirilib. Tədbirdə mərkəzin müəllimləri və dərnək üzvləri iştirak ediblər.

Tədbirdə Zəfər Gününün tarixi əhəmiyyəti, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, xalqımızın birliyi və həmrəyliyi haqqında söz açılıb. Vurğulanıb ki, bu Qələbə xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifələrindən biridir.

Uşaqların ifasında Vətənə həsr olunmuş şeirlər səsləndirilib. Onlar öz çıxışları ilə doğma torpağa, Vətənə və Zəfərə olan sevgi və qürurlarını ifadə ediblər.

Tədbirin davamında kitabxana əməkdaşları tərəfindən "Xarıbülbül" mövzusunda yaradıcılıq üzrə ustad dərsi təşkil olunub. Uşaqlar öz bacarıq və istedadlarını nümayiş etdirərək Zəfər Gününə həsr olunmuş əl işləri hazırlayıblar.

Bu kimi maarifləndirici və yaradıcı tədbirlərin keçirilməsi uşaqların milli kimlik şüurunun formalaşmasına, tarixi yaddaşının möhkəmləndirilməsinə və vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verir.